Rəmadidə İŞİD-dən xilas olanlar Bağdada buraxılmır
İŞİD-in ələ keçirdiyi Rəmadi şəhərindən paytaxta insan axını başlayıb.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, onların yolunda ən böyük maneə Fərat çayı üzərindəki Bzyebaz körpüsüdür. Terrorçuların məhz bu körpü üzərindən Bağdada hücum edəcəyindən ehtiyat edilir və buna görə də hökumət qüvvələri körpünü bağlayıb.
İnsanlar günlərlə körpünün yaxınlığında açıq havada yolun açılmasını gözləyirlər. Paytaxta yalnız orada yaşayan qohumu olanların buraxılmasına qərar verilib. Rəmadidən qaçqın düşən insanlar isə bundan çox kədərləndiklərini bildiriblər. "Biz hökumətə güvənirdik, hər şeyimizi - evimizi, təsərrüfatımızı itirmişik. Heç bilmirik başımıza nə gələcək" - deyə, onlardan biri qeyd edib. Bu arada 5 nəfər Fəratda boğulub, onlar körpünün nə vaxt açılacağını gözləyiblər.
Xatırladaq ki, İŞİD-in Rəmadini ələ keçirməsi nəticəsində 40 min insan qaçqın vəziyyətinə düşüb.