Kemeron: "Britaniyanın Avropa İttifaqını tərk etməsi daha tez baş tuta bilər"

Böyük Britaniyanın baş naziri Devid Kemeron London yaxınlığında özünün şəhərətrafı iqamətgahında Avropa Komissiyasının sədri Jan Klod Yunkeri qəbul edib.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, görüşdə Kemeronun məqsədi Yunkeri Avropa İttifaqında islahatların keçirilməsi ilə bağlı Brüsseldə iyun sammitində səsləndirəcəyi təkliflərlə tanış etmək olub.

 

Bu islahatların qaçılmaz olduğu ilə əlaqədar baş nazir Riqa sammitində də danışıb. Görüşdə ən vacib məsələlərdən biri də Böyük Britaniyaya Avropa İttifaqında xüsusi status verilməsi, əks təqdirdə, krallığın qurumu tərk edəcəyi ilə bağlı səsləndirdiyi fikirlərdir. Kemeron son parlament seçkilərində ölkəsinin Avropa İttifaqını tərk edəcəyi ilə əlaqədar 2017-ci ildə referendum keçirəcəyini vəd edib. Hökumət başçısı bildirib ki, qurumun tərkibində qalmaq barədə yalnız milli maraqların qorunması məsələsi təmin edildikdən sonra düşünmək olar.

 

Kemeron şərtlərini irəli sürmək üçün Parisə, Berlinə, Kopenhagenə, Varşavaya və Amsterdama səfərlər edəcək. Onun şərtləri qəbul olunmasa, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi sürətlənə bilər.

Müəllif | Apa.Tv
Apa.tv