Səlim Müslümov Cəlilabadda vətəndaşları qəbul edib
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslimov Cəlilabadda vətəndaş qəbulu keçirib.
APA TV-nin cənub bürosunun məlumatına məlumata görə, qəbulda Biləsuvar, Cəbrayıl, Salyan və Neftçala rayonlarından olan sakinləri də iştirak edib.
Qəbul zamanı vətəndaşların ayrı-ayrı sosial təminat növləri, habelə mənzil və minik avtomobili, reabilitasiya vasitələri və bərpa-müalicə xidməti ilə təmin olunma, məşğulluğun və əmək hüquqlarının təminatı və digər məsələlərlə əlaqədar müraciətləri dinlənilib. Səlim Müslümov müraciətlərdə qaldırılan məsələlərin araşdırılaraq qanunauyğun tədbirlər görülməsi, ayrı-ayrı əlilliyi olan şəxslərin ehtiyac duyduqları reabilitasiya vasitələri, bərpa-müalicə müəssisələrinə göndəriş, dövlət hesabına minik avtomobili ilə təmin olunmaq üçün tibbi göstərişinin olub-olmamasının müəyyən edilməsi və sair barədə nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlar verib.
Qəbul zamanı həmçinin məşğulluq məsələləri ilə əlaqədar müraciət etmiş bir sıra şəxslərin özlərinin, yaxud ailə üzvlərinin münasib işlə təmin olunması məsələləri yerindəcə həll olunub və onlara boş (vakant) iş yerlərinə göndərişlər verilib.
Ayrı-ayrı müraciətlərdə əksini tapan məsələlər nazirliyin fəaliyyət sahələrinə aid olmadığından, aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qeyd edək ki, Biləsuvar, Cəbrayıl, Salyan və Neftçala rayonlarından qəbula yazılmış vətəndaşların xüsusi ayrılan nəqliyyatla Cəlilabad rayonuna aparılıb-gətirilməsi təmin edilib.