Fəttah Heydərov: "Avropa Oyunları Azərbaycan insanının dünyada tanınması üçün gözəl vasitədir"

Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Respublikanın ictimai-siyasi həyatında Azərbaycan Milli Elmlər Akademiyası, Respublika Ağsaqqallar Şurası və gənc alimlərin rolu” mövzusunda toplantı keçirilib.

 

APA TV-nin xəbərinə görə, toplantı AMEA və Respublika Ağsaqqallar Şurasının təşkilatçılığı ilə baş tutub.

 

Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, Heydər Əliyev hər bir problemin həllində daim ağsaqqallarla məsləhətləşib. O, Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda elm, təhsil, mədəniyyətinin tərəqqi etdiyini, Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Milli Elmlər Akademiyasında da canlanma baş verdiyini vurğulayıb.

 

Tədbirdə çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov isə Heydər Əliyevi müstəqil Azərbaycanın yaradıcısı, qurucusu adlandırıb. Heydər Əliyevin Azərbaycan dövlətini bizlərə miras qoyduğunu vurğulayan Fəttah Heydərov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev xarakterli siyasət aparmaqla onun yolunu davam etdirir: "Azərbaycan dünyanın bütün qitələrinin diqqət mərkəzində olan füsunkar məmləkətdir. Azərbaycanda aparılan quruculuq işləri, ölkəmizdəki sabitlik dünya üçün gözəl bir nümunədir. Ölkəmizdə keçiriləcək I Avropa Oyunlarının açılış mərasiminə çox az vaxt qalıb. Avropa Oyunları idman oyunlarıdır. Lakin onun çox böyük siyasi mənası var. Avropa Oyunları Azərbaycan insanının dünyada tanınması üçün gözəl bir vasitədir. Bu həssas məsələdə gəncliyimizin də qarşısında çox mühüm vəzifə durur. Bu günlərdə düşmənə qarşı, bizi istəməyənlərə qarşı daha diqqətli və həssas olmalıyıq. Çünki Avropa Oyunlarının başlanmasına çox az vaxt qalıb. Mən inanıram ki, bizim uğurumuz dünyada öz əksini tapacaq”.

 

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında Milli Elmlər Akademiyasının rolu” mövzusunda məruzə edib. AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov ölkənin ictimai-siyasi həyatında gənc alimlərin rolundan danışıb.

 

 

Müəllif | Apa.Tv