Avropalı qonaqlar Bakıda necə dönər yeyəcək? - XÜSUSİ REPORTAJ

I Avropa Oyunlarına demək olar ki, sayılı günlər qalır. Paytaxt Bakı oyunların keçirilməsi üçün tam hazırdır. Bu  hazırlıq hər sahədə özünü göstərməkdədir. Bəs şəhərimizə gələn əcnəbi qonaqlar daha çox nə yeyəcək?

 

Yerli mətbəximizin zənginliyi  xarici  qonaqların zövqünə oxşayacağına şübhəmiz yoxdur. Statistik göstəriciləri gözdən keçirdikdə Avropa insanlarının daha çox "fastfod"dan istifadə etdiyini görürük.  Bəs şəhərimizdə qonaq olacaq turistlər bizim yerli "fastfood" və satılan dönərlərdən razı qalacaqlarmı?

 

Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli APA TV-yə açıqlamasında deyib ki, Avropa Oyunları ilə əlaqədar olaraq qurum gücləndirilmiş iş rejiminə keçib. O bildirib ki, paytaxtın bütün ərazilərində  satılan dönərlərin ətinə və keyfiyyətinə nəzarət olunur: "İlk olaraq qeyd edim ki, aprelin 20-də Dövlət Baytarlıq Xidmətinin rəisi Avropa Oyunlarının keçirildiyi ərazilərdə, o cümlədən Bakı, Mingəçevir şəhərləri və turizmin inkişaf etdiyi bölgələrdə baytarlıq nəzarəti xidmətinin gücləndirilməsi ilə əlaqədar əmr imzalayıb. Bu əmrə uyğun olaraq həmin ərazilərdə lazımi işlər görülür. Eləcə də Bakı şəhər Baytarlıq İdarəsində pilləli iş rejimi tətbiq olunub və mütəxəssislərin həm diri formada gələn, həm də kəsilmiş formada gələn ətlərə nəzarəti yüksək səviyyədə təmin olunur. Güman edirik ki, bu nəzarət Avropa Oyunları dövründə də yüksək səviyyədə həyata keçiriləcək. Əgər qanuni qeydiyyatda olan ərazilərdən ət götürülürsə, həmin ətlər 100 faiz baytarlıq nəzarətindən keçir və onun haqqında sağlamlıq haqqında arayış verilir".

 

Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev isə bildirib ki, qanunvericiliyin tələblərinə uyğun şəkildə hər zaman monitorinqlər aparılır və hər hansı bir şikayət daxil olarsa, yenidən həmin ərazilər yoxlanılacaq. Əlavə edib ki, istər Avropa Oyunları zamanı, istərsə də digər günlərdə yoxlamalar davam etdiriləcək. Neqativ hallar aşkarlanarsa qanunvericiliyin tələblərinə uyğun olaraq cərimələr tətbiq olunacaq. Hələlik belə hallara rast gəlinmir.

 

Bütün bu deyilənləri nəzərə alıb paytaxtın bir çox ərazilərində fəaliyyət göstərən dönər satılan obyektlərə üz tutduq. Buradakı vəziyyətlə tanış olub, onların keyfiyyəti ilə maraqlandıq.

 

Satıcılardan biri 7-8 ilə yaxındır bu obyektdə işləyir: "Yeməklərimiz "fastfood" yeməkləridir. Dönərlər toyuq və ətdən hazırlanır. İsti yeməklərimiz də var. Bacardığımız qədər  çalışırıq ki, müştərilərə keyfiyyətli mal verək. Müştərilərimiz narazı deyil. Avropalılar daha çox üstünlüyü "fastfood"a verir. Bizdə dönər var ki, məsələn, onların içərisi başqa dönərlərdən məxsusi bir şəkildə fərqlənir. Onlar da ağız dadına görədir. Məsələn, bizdə isti sendviç var ki, Avropada yoxdur. Sendviç onlarda soyuq yeməkdir. Amma biz onu isti şəkildə də veririk. Qiymətlərimiz münasibdir. Hər hansı bir şeydən istifadə edib müştərilərimizə baha mal satmırıq. Müştəri bizdən hansı qaydada təmizlik istəyirsə, biz də çalışırıq ki, elə olsun. Onu bilirəm ki, avropalı qonaqlar bizdən 100 faiz razı qalacaqlar".

 

Digər satıcı isə deyir ki, satdıqları malın keyfiyyəti və dadı ilə avropalı qonaqları maraqlandıracaqlar: "Türkiyədən gələn qonaqlarımız da bizim dönərlərin Türkiyədəki dönərlərdən daha dadlı, daha keyfiyyətli, daha doyumlu olduğunu özləri deyirlər. Avropalılar da gəlib görəcəklər. Bizim dönər daha keyfiyyətlidir".

 

Alıcılar da satılan dönərlərdən məmnun olduğunu bildirdilər:

 

"Mən Texniki Universitetdə oxuyuram. Bütün günü burdan dönər alırıq. Dadlıdır, keyfiyyətinə heç bir şübhəmiz yoxdur. Azərbaycanın dönərləri kimi bəlkə də dönər yoxdur. Çox adam pisləyir. Amma mən hər gün dönər yeyirəm. Hələ ki, narazılığım yoxdur".

 

"Azərbaycan dönərləri çox keyfiyyətlidir. Biz də harada dönər yemək istəyiriksə, dadlı-doyumlu dönər yemək istəyirik. Gəlib burada istədiyimiz kimi hazırlatdırıb yeyə bilirik, keyfiyyətli verirlər. Ətləri keyfiyyətlidir, toyuqları da həmçinin. Yerli məhsullardan istifadə edirlər. Dönər alanda görürük ki, içəridə təmizlik şəraiti var. Hərənin öz ağız dadı var. Mənə qalsa, qarışıq yeyərəm. Bu dönərlərlə avropalı qonaqlarımızı təəccübləndirəcəyik. Çünki ustalar da güclü ustalardır".

 

"Baxmayaraq ki, Azərbaycanda yüksək keyfiyyəti ilə seçilən dönər satılır, amma unutmaq olmaz ki, dönər kimi ayaqüstü qidalar insan səhhəti üçün ziyandır. Yaxşı olar ki, qida rasionunuzun əsasını sulu yeməklər təşkil etsin. Mütəxəssislər isə "fastfood"dan həftədə yalnız 2 dəfə istifadəni məsləhət görür".

 

Müəllif | Apa.Tv
Almaz Qasımova