Lənkəranda “Mercedes” elektrik dirəyinə çırpıldı
Lənkəranda bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 10.30 radələrində Lənkəran-Boradigah şose yolunun rayonun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Masallı rayonunun Ərkivan qəsəbə sakini, 30 yaşlı Fuad Elxan oğlu Məmmədovun idarə etdiyi “Mercedes” markalı, 42 BS 718 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Güclü zərbədən elektrik dirəyi aşıb, “Mercedes” ciddi zədələnib, həmçinin sürücü kəllə-beyin travması diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada ona müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
İlkin versiya kimi qəzaya səbəb avtomobilin sürət həddini aşması göstərilir. Hadisənin dəqiq səbəbləri isə həyata keçirilmiş avtoekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.