Ramiz Mehdiyevin “Nadir şah Əfşar. Diplomatik yazışmalar” kitabının təqdimatı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Nadir şah Əfşar. Diplomatik yazışmalar” kitabının təqdimatı keçirilib.

 

APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, kitabda ilk dəfə akademik Ramiz Mehdiyev Nadir şah Əfşarın türk-oğuz mənşəli hökmdar olduğunu ortaya qoyub.

 

Onun sözlərinə görə, kitabda Nadir şah Əfşar tək hərbi sərkərdə yox, iqtisadi, miqrasiya və digər sahələrdə islahatlar həyata keçirən dövlət xadimi kimi təqdim olunur. Eyni zamanda kitabda Nadir şah Əfşarın müxtəlif ölkələrlə diplomatik yazışmaları, diplomatiya sahəsində məharətindən bəhs edilir. Bu baxımdan sözügedən kitab Azərbaycan dövlətçiliyinin öyrənilməsi üçün əhəmiyyətlidir.

 

Prezident Administrasiyasının məsul əməkdaşı Eldar Əmirov isə qeyd edib ki, indiyə qədər Nadir şah Əfşarın diplomatik yazışmaları Azərbaycan dilində mövcud olmayıb, bu kitab bu sahədəki boşluğu da aradan qaldıracaq: “Bu tədqiqat Nadir şah Əfşar haqqında həqiqətlərin ortaya çıxmasına zəmin yaradacaq. Azərbaycan müstəqillik əldə etdikdən sonra Şah İsmayıl Səfəvi, Ağa Məhəmməd şah Qacar, Nadir şah Əfşar və digərləri haqqında stereotipləri dağıtmaq zəruri idi. Bu insanların Azərbaycan dövlətçiliyi ilə bağlı xidmətlərini kiçiltmək cəhdləri var, onları İran şahları kimi təqdim etməyə çalışırlar. Biz həmin məktublar vasitəsilə iki məqamı həll edə bilirik. Birincisi, Nadir şahın fars olmasına və İran hökmdarı olmasına dair ortaya atılan yanlış iddiaları darmadağın edirik. Gördüyünüz kimi, Nadir şah öz milli mənsubiyyətini qabardır. O, xüsusilə Hindistan hökmdarı ilə yazışmada  bunu açıq-aydın göstərir. İkinci bir tərəfdən, biz Nadir şahın şəxsiyyətini azərbaycanlılara geniş miqyasda çatdıra bilirik".

 

AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov internet məkanında Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərini ləkələmək meyllərinin müşahidə olunduğunu vurğulayıb. Bugünkü İran və digər torpaqları Azərbaycan hökmdarlarının idarə etdiyini deyən tarixçi alim bildirib ki, bizim kiməsə qarşı torpaq iddiamız yoxdur, ancaq tariximizdən də imtina etməməliyik.

 

Daha sonra AMEA Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva, AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru, millət vəkili Musa Qasımlı, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru müavini, filologiya elmləri doktoru Paşa Kərimov kitab haqqında öz fikirlərini bölüşüblər.

 

Sonda AMEA prezidenti Akif Əlizadə çıxış edərək, Ramiz Mehdiyevin dövlətçiliklə yanaşı, elmi fəaliyyətə də geniş yer ayırdığına diqqət çəkib. O qeyd edib ki, Azərbaycan tarixi ilə bağlı akademik Ramiz Mehdiyevin seriya əsərləri bir proqram kimi qəbul olunmalı, Tarix İnstitutunda təhlil edilərək istiqamətlər üzrə şaxələndirilməli, bu istiqamətlər tədqiq olunmalıdır.

 

Müəllif | Apa.Tv