Azərbaycan İstiqlal Muzeyində “Müstəqilliyimizin nəbzi” sərgisi təşkil olunub
Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 28 May - Respublika Gününə həsr olunmuş “Müstəqilliyimizin nəbzi” adlı tədbir-sərgi təşkil olunub.
APA TV-nin məlumatına görə, tədbir Azərbaycan İstiqlal Muzeyi, “Avrasiya Beynəlxalq Problemləri Araşdırma İnstitutu” və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi ilə birgə keçirilib.
Muzeyin direktoru Fəridə Şəmsi bildirib ki, sərgidə türkiyəli rəssam İlhan İşbaşı, azərbaycanlı rəssamlar Səyyar Əliyev, Zaur Mirzəyev, Bayram Bayramov və Natiq Nəcəfzadənin əl işləri ilk dəfə nümayiş olunur.
Mərasimdə “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, türkiyəli rəssam İlhan İşbaşı, xalq rəssamı Ağəli İbrahimov və başqaları Respublika günü ilə bağlı təşkil olunan tədbirin əhəmiyyətindən danışıblar.
Sərginin açılışında Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri, Milli Qvardiyanın əsgərləri, Hərbi Dəniz Qüvvələrin şəxsi heyəti və digər qonaqlar iştirak ediblər.