Azərbaycan Prezidenti: "Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək"
Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.
APA TV-nin xəbərinə görə, mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən prezident İlham Əliyev Respublika günü münasibətilə xalqı təbrik edib və ilk dəfə Müsəlman Şərqində demokratik respublikanın yaranmasını tarixi hadisə kimi səciyyələndirib. Dövlət başçısı Xalq Cümhuriyyətinin yaradıcılarının əziz xatirəsinin xalqın qəlbində daim yaşayacağını bildirib.
Dövlət başçısı Cümhuriyyətin cəmi iki il ərzində dövlət quruculuğu sahəsində gördüyü işlərdən danışıb: "Dövlət quruculuğu prosesi başlamışdı, demokratik institutlar təsis edilmişdi, siyasi islahatlar aparılmağa başlanmışdı, bizim dövlət atributlarımız - dövlət himnimiz, milli bayrağımız təsdiq edilmişdir. Bəzi Avropa ölkələrindən daha əvvəl Azərbaycan Cümhuriyyəti qadınlara səs vermək hüququ vermişdir. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti çox müsbət və uğurlu olub. Baxmayaraq ki, geosiyasi şərait ağır idi, amma Xalq Cümhuriyyəti bunu edirdi".
Prezident İlham Əliyev Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanın Sovetlər Birliyi tərkibində keçdiyi mürəkkəb yola nəzər salıb. Həmin illərdə elm və təhsil sahəsində, neft sənayesində müəyyən irəliləyişlər əldə olunduğunu qeyd edən dövlət başçısı 70-ci illərədək Azərbaycanın Sovetlər Birliyi respublikaları arasında sonuncu yerlərdən birini tutduğunu deyib. İlham Əliyev ümummilli lider Heydər Əliyevin birinci dəfə respublika rəhbərliyinə gəlişindən sonra həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklərdən danışıb.
İkinci dəfə müstəqilliyə qovuşduqdan sonra ölkəmizdə baş verən hadisələrin - xaos, anarxiya, vətəndaş müharibəsi və torpaqlarımızın bir hissəsinin Ermənistan tərəfindən işğalının müstəqilliyimizə ciddi təhlükə törətdiyini bildirən prezident İlham Əliyev yalnız xalqın tələbi ilə ulu öndər hakimiyyətə gəldikdən sonra ölkənin qarşılaşdığı bu ciddi problemlərin aradan qaldırılması üçün görülən tədbirlərə diqqət çəkib.
Dövlət başçısı məhz həmin dövrdə möhkəm əsaslar və milli maraqlar üzərində təməli qoyulan dövlətimizin bu gün düşünülmüş siyasət və xalqın iradəsi sayəsində inkişaf etdiyini və möhkəmləndiyini, beynəlxalq aləmdə nüfuzunun getdikcə artığını vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanın siyasi, enerji və nəqliyyat təşəbbüslərini regional əməkdaşlığı genişləndirməyə şərait yaradan əsas amillər kimi dəyərləndirib. Qarşıda duran məsələlərə toxunan dövlət başçısı bundan sonra da sabitliyin qorunması, demokratik əsaslar üzərində hüquqi dövlət quruluculuğunun davam etdirilməsi, cəmiyyəti narahat edən məsələlərin həlli üçün güclü ictimai nəzarətin yaradılması istiqamətində görüləcək işlərdən danışıb.
Xarici siyasətdə düşünülmüş addımların ölkənin imicini artırdığını vurğulayan prezident bu sahədə yeganə problemin Ermənistan-Azərbaycan münaqişəsi olduğunu söyləyib və münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həlli üçün kifayət qədər hüquqi baza olduğunu əsaslandırıb: "Birincisi, Dağlıq Qarabağ əzəli-əbədi Azərbaycan torpağıdır. Hesab edirəm ki, biz son illər apardığımız siyasət nəticəsində erməni lobbisinin çirkin səylərinə baxmayaraq, sübut edə bilmişik ki, bu əzəli Azərbaycan torpağıdır. İkincisi, Dağlıq Qarabağ bütün beynəlxalq birliklər tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır və biz BMT-yə üzv olduqda Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi, Azərbaycanın bir parçası kimi qəbul edilib. Siyasi müstəvidə bu gün Azərbaycanın siyasi çəkisi Ermənistanın siyasi çəkisi ilə müqayisə edilməz dərəcədədir. Dördüncü amil iqtisadi faktor. Burada da Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından ən azı on dəfə böyükdür və güclüdür. Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Sovet məkanında buna oxşar heç bir münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası qətnamə qəbul etməyib. Ancaq bu məsələ ilə bağlı və orada da açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxmalıdır. Nə qədər Ermənistan çalışsa bunu təhrif etsin, bu mümkün deyil. Çünki bu yazılıb və dərc edilib".
Dövlət başçısı bir daha bəyan edib ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq və Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək.
Prezident İlham Əliyev qeyd edib ki xalqla iqtidarın birliyi sahəsində Azərbaycanın dövlət müstəqilliyini əbədiliyi bundan sonrada etibarlı şəkildə təmin olunacaq.