FİFA-da “korrupsiya zəlzələsi”: seçkiqabağı kütləvi həbslər başladı

Beynəlxalq Futbol Federasiyası (FİFA) prezidenti seçkilərinə iki gün qalmış ali futbol qurumunun yüksək vəzifəli məmurlarının adı növbəti qalmaqala qarışıb. Bu dəfəki qalmaqal onlardan bir neçəsinin həbsxanaya göndərilməsi ilə nəticələnə bilər.

 

Ötən gün FİFA-nın bir neçə yüksək vəzifəli nümayəndəsi korrupsiya ittihamı ilə Sürixdə həbs edilib. Söhbət son iki onillikdə dünya çempionatlarının keçirilməsi üçün müraciətlər, marketinq və yayım sövdələşmələri ətrafında FİFA-dakı irimiqyaslı korrupsiyadan gedir. İttihamlar arasında dələduzluq, reketlik və çirkli pulların yuyulması da var. Həbslər həyata keçirilərkən FİFA rəsmiləri mayın 29-u təşkilata yeni prezident seçkilərinin təşkilinə hazırlıq üçün oteldə toplaşıblar.

 

Həbslər Amerika Federal Təhqiqatlar Bürosu tərəfindən 1991-ci ilə başlanmış cinayət işi ilə əlaqədar aparılıb. Amma İsveçrə polisi 2018 və 2022-ci il dünya çempionatlarına ev sahibliyinin Rusiya və Qətərə verilməsi ilə də bağlı daha bir cinayət işi başlayıb. Son məlumata görə, FİFA-dan ümumilikdə 7 nəfər həbs edilib.

 

Bu günlərdə dünya futbolunun ali rəhbərliyi Sürixə toplaşır. Sabah FİFA-nın konqresi keçirilməli və yeni prezident seçilməlidir. Səs-küylü əməliyyat qəfildən başlayıb. Bazar ertəsi və çərşənbə axşamı təşkilatın icraiyyə komitəsinin iclasları keçirilib, normal iş prosesi gedib, məmurlar konqresə hazırlaşıblar. Çərşənbə günü isə əməliyyat keçirilib. Onlarla mülki geyimli polis əməkdaşı FİFA rəsmilərinin olduğu beşulduzlu otelə gəlib. Bunun ardınca FİFA rəsmiləri maşınlara mindirilərək, naməlim istiqamətdə aparılıblar.

 

Həbslərdən sonra FİFA-nın departament rəhbəri Valter de Qreqorio xüsusi brifinq keçirib. O, bildirib ki, təşkilat hazırlanan həbslərdən xəbərsiz olub.

 

Səs-küylü əməliyyatdan sonra məlumat yayılmışdı ki, FİFA prezidenti seçkiləri baş tutmaya bilər. Amma departament rəhbəri bu məlumatları təkzib edib. O, qeyd edib ki, FİFA-nın fəaliyyətdə olan prezidenti Yozef Blatter və baş katib Jerom Valke istintaqa cəlb edilməyiblər.

 

Valter de Qreqorio onu da deyib ki, 2018 və 2022-ci illərin dünya çempionatlarının ev sahiblərinin dəyişdirilməsi gözlənilmir:

 

"FİFA bu mövzuda hər hansı spekulyasiyaya başlamaq və ya onu dəstəkləmək niyyətində deyil. 2018-ci il çempionat Rusiyada, 2022-ci ildə isə Qətərdə keçiriləcək. Bu, faktdır".

 

UEFA isə FİFA prezidenti seçkilərinin korrupsiya qalmaqalından sonra təxirə salınmasını təklif edib. Təklif qəbul edilməsə, Avropanın futbol qurumu FİFA konqresini boykot edə bilər.

 

Qeyd edək ki, FİFA prezidenti seçkiləri sabah Sürixdə keçirilməlidir. Fəaliyyətdə olan prezident Yozef Blatter növbəti beş il üçün namizədliyini irəli sürüb. Onun yeganə rəqibi İordaniya şahzadəsi Əli bin Əl-Hüseyndir.

Müəllif | Apa.Tv
Apa.tv