“Sevilya” Avropa Liqasının qalibi oldu: 3-2 (Qollar)
Futbol üzrə Avropa Liqasının finalında İspaniyanın "Sevilya" klubu Ukraynanın "Dnepr" komandasını məğlub edib.
Qitənin nüfuzuna görə ikinci klub turnirinin final qarşılaşması Polşanın paytaxtı Varşavada keçirilib və Unay Emerinin yetirmələrinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda ilk fərqlənən tərəf "Dnepr" olub. Ukrayna klubunun hücumçusu Nikola Kaliniç 7-ci dəqiqədə komandasını hesabda irəli çıxarıb.
28-ci dəqiqədə "Sevilya" hesabı bərabərləşdirib. Polşalı yarımmüdafiəçisi Qjeqoj Krıxovyak vətənində keçirilən qarşılaşmada fərqlənib. Bundan dərhal sonra İspaniya klubu hesabda irəli də çıxıb. 31-ci dəqiqədə "Sevilya"nın qolunu Karlos Bakka vurub.
Fasiləyə az qalmış "Dnepr" hesabı yenidən bərabərləşdirib. Hücumçu Ruslan Rotan cərimə zərbəsindən fərqlənib və komandalar fasiləyə 2:2 hesablı bərabərliklə yollanıblar.
Azarkeşlərin ilk hissəsində dörd qol izlədiyi qarşılaşmanın ikinci hissəsində cəmi bir qol vurulub. 73-cü dəqiqədə Karlos Bakka dubla imza atıb və oyunun yekun hesabını müəyyənləşdirib.
Beləliklə, "Sevilya" tarixində dördüncü dəfə Avropa Liqasının qalibi olub. Bundan əvvəl İspaniya klubu 2006, 2007 və 2014-cü illərdə turnirin birincisi olmuşdu. İspaniya çempionatında mövsümü turnir cədvəlinin beşinci pilləsində bitirən "Sevilya" bu qələbə sayəsində gələn mövsüm Çempionlar Liqasında çıxış etmək hüququ qazanıb.
"Dnepr" isə tarixində ilk dəfə Avropa Liqasının finalında oynayırdı. Qeyd edək ki, Ukrayna klubunun pley-off mərhələsinə vəsiqə qazanması qalmaqallı olmuşdu. Belə ki, F qrupunun sonuncu turunda Bakıda "Qarabağ" və Milanın "İnter" komandalarının qarşılaşmasında Azərbaycan klubunun vurduğu qol hakim tərəfindən qeydə alınmamış və "Qarabağ"ın növbətə mərhələyə çıxışı haqsız olaraq əngəllənmişdi. Paralel qarşılaşmada Fransanın "Sent Entyen" klubunu məğlub edən "Dnepr" isə "Qarabağ"ın əvəzinə pley-off mərhələsinə vəsiqə əldə etmişdi.