London polisi hökumət əleyhinə aksiyanı zorakılıqla dağıdıb
Böyük Britaniyada bu ay keçirilən seçkilərin nəticəsində hakimiyyətə gələn Mühafizəkar Partiyanın dövlət xərclərinin azaldılması planına qarşı çıxan vətəndaşlar Londonda etiraz aksiyası keçiriblər. Əksəriyyəti tələbələrdən ibarət aksiya iştirakçıları məşhur Trafalqar meydanına toplaşıb. Oradan Nazirlər Kabinetinin yerləşdiyi küçəyə doğru yürüş edən aksiya iştirakçıları ilə polis arasında qarşıdurma olub.
Aksiya iştirakçıları daha sonra parlament binasına yürüş ediblər. Onlar bildiriblər ki, yeni hakimiyyət dövründə səhiyyə sistemini özəlləşdiriləcək, təhsil haqqı artırılacaq, tətillərin keçirilməsinə imkan verməyəcək və miqrantlar "günah keçisi"nə çevriləcək.
Parlament binasına doğru irəliləyən aksiya iştirakçıları ilə polis əməkdaşları arasında növbəti toqquşma olub. Asayiş keşikçiləri bir neçə nəfəri zorakılıqla həbs edib.
Qeyd edək ki, 2010-cu il seçkilərindən sonra koalision hökumətdə təmsil olunan Mühafizəkarlar Partiyası İngiltərə iqtisadiyyatını dirçəltmək üçün dövlət xərclərinin azaldılmasına tərəfdar çıxmışdı. Baş nazir Devid Kemeronun rəhbərlik etdiyi mühafizəkarlar mayın 7-də keçirilən seçkilər nəticəsində təkbaşına iqtidar olub.