Xaçmazın Aşağı Zeyid kənd sakinləri su problemi ilə qarşılaşıb

Xaçmaz rayonunun Aşağı Zeyid kənd sakinləri əkin sahələrini suvarmaq problemi ilə qarşılaşıblar.

 

Sakinlər APA TV-yə bildiriblər ki, yağış yağanda, çaylarda suyun səviyyəsi çoxalanda suvarma ilə bağlı çətinlikləri olmur.

 

Kənd sakinləri deyir ki, suvarma Samur-Abşeron kanalının ümidinə qalanda işimiz qəlizləşir.

 

Mövlud Məmmədov: "Yağış yağıb, sulamışıq. Problem olmayıb. Ancaq indi su yoxdur. Dən suyu verilməlidir buna. Su isə çatışmır, yoxdur".

 

Kamil Məmmədov: "Ekskavatorlar vaxtlı-vaxtsız qazır. Arxlar yaxşı deyil. İki tərəfdə çay var. Yağış olanda su olur. Bunların ümidinə qalanda problem olur".

 

Xanlar Məmmədov: "Sel olanda yaxşı suvarılır. Sel olmayanda yox. Pul da veririk. Qonşu kəndin ərazisindən su gəlir. Kəsilir. Suya baxana deyirik, yaxın gəlmir".

 

Vətəndaşlar bildirirlər ki, eyni problemlə bir neçə ildir qarşılaşırlar.

Rəhimoba Sudan İstifadə Birliyinin sədri Fəxrəddin Orucəliyev isə şikayətçilərin səsləndirdiyi iddialarla razılaşmır. O bildirir ki, kənddə suvarma suyu ilə bağlı heç bir problem yoxdur: "Hal-hazırda ərazidə suvarma ilə bağlı heç bir problem yoxdur. Suyu limit əsasında alırıq. Hər bitkinin öz suvarılma vaxtı və sayı var. Bizim aldığımız su fakt tələbatı ödəyir".

 

Sədrin sözlərinə görə, vətəndaşlar istifadə etdikləri suvarma suyunun pulunu ödəmirlər. Bu halda isə birliyin qarşısına qoyulan illik planı yerinə yetirmək mümkün olmur.

 

Müəllif | Apa.Tv
Vəli Turan