“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyində "Bakı-2015"ə həsr olunmuş tədbir keçirilib

27  May 2015-ci il tarixində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyində  "Bakı-2015"ə həsr olunmuş tədbir keçirilib. Birliyin sədri Qənbər Qurbanov  bildirib ki, birliyin üzvləri ölkəmizdə həyata keçirilən dövlət siyasətini dəstəkləyirlər. Prezident İlham Əliyevin və Avropa oyunları Təşkilat Komitəsinin rəhbəri, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın bu sahədə fəaliyyəti təqdir olunub, bildirilib ki, bu mötəbər yarışların Azərbaycanda keçirilməsi ölkə başçısının uzaqgörən siyasətinin nəticəsidir. Bu oyunlar vasitəsilə Azərbaycan öz haqq səsini dünyaya daha yaxşı çatdıracaq, həm sosial, həm iqtisadi, həm də mədəni inkişafını bir daha bütün dünyaya göstərəcək: "Biz belə bir məqamda ölkəmizə qarşı qarayaxma kampaniyası aparan, dövlətimizə şər və böhtan atan hər bir beynəlxalq təşkilata, bəzi ölkələrə və fərdi şəxslərə öz etirazımızı bildirir və onları tutduqları bu iyrənc yoldan dönməyə səsləyirik"

 

Avropa Oyunlarından məqsədin insanları sülhə, bəşəriyyəti barışa səsləmək olduğunu deyən professor Şahlar Əsgərov bildirib ki, yurd-yuvasından didərgin düşən, Ermənistanın işğalçı və soyqırımı siyasətinə məruz qalan Kəlbəcər ziyalıları da sülhün, əmin-amanlığın tərəfdarıdırlar. 

Professor Məhərrəm Qasımlı qeyd edib ki, Azərbaycanın bugünkü uğurunu, bu beynəlxalq tədbirin keçirilməsi üçün həyata keçirilən nöqsansız fəaliyyəti gözü götürməyən qüvvələr hər zaman olduğu kimi bu gün də öz məkrli niyyətlərini həyata keçirməkdədirlər.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin  sədr müavini Həbib Misirov bildirib ki, Azərbaycan artıq dünyanın diqqət mərkəzində olan bir ölkəyə çevrilib. Ölkəmiz hər il bir neçə böyük mədəni, elmi, ictimai, siyasi səpkidə olan beynəlxalq tədbirə ev sahibliyi edir. Bu il ev sahibliyi edəcəyimiz ən möhtəşəm tədbir isə Avropa Oyunlarıdır.

Qeyd edilib ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi bu istiqamətdə tədbirləri davam etdirəcək. Bununla bağlı tədbirlər planı hazırlanıb.
 

Müəllif | Apa.Tv
Apa.tv