DİQQƏT! Sarı zolaq qaydaları qüvvəyə mindi!
Bu gündən etibarən I Avropa Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqların tələblərinin pozulmasına rəsmən qadağa qoyulub.
Artıq gecədən I Avropa Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqların tələblərini pozan sürücülər 40 manat məbləğində cərimə olunacaqlar.
Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA TV-yə verilən məlumata görə, paytaxtda müəyyən edilən yollarda sarı rəngdə I Avropa Oyunlarının loqosunun əks olunduğu “Oyunlar zolağı” çəkilib, eyni zamanda həmin zolaqlar üzrə hərəkəti qadağan edən müvafiq 3.2 yol nişanları quraşdırılıb. Qaydanı pozanlar İnzibati Xətalar Məcəlləsinin (İXM) 151.1-ci maddəsinə müvafiq olaraq yol 40 manat miqdarında cərimə olunacaqlar.
Bildirilib ki, əgər "Oyunlar zolağı" digər zolaqlarla kəsişirsə, bu zaman, eləcə də xüsusi zolaqların olduğu yolayrıcılarında hərəkət üstünlüyü xüsusi yola veriləcək. Buna əməl etməyən sürücüləri isə cərimə gözləyir. Yəni kəsişən yolla hərəkət edən sürücü yalnız xüsusi yolda hərəkət edən avtomobili buraxdıqdan sonra hərəkətini davam etdirə bilər. Bunu etməyərək qəza şəraiti yaradan sürücülər İXM-nin 151.2-ci maddəsinə əsasən, 80 manat, üstəgəl 4 cərimə balı ilə cərimələnəcəklər.
Bundan əlavə, I Avropa Oyunları ilə əlaqədar əvvəlcədən müəyyən edilmiş küçə və prospektlərə əlavə yol patrul inspektorları təhkim olunacaq, həmin yollara nəzarət olunmaqla təhlükəsizlik tədbirləri gücləndiriləcək. Nişanların quraşdırıldığı ərazilərə xüsusi müşahidə kameraları ilə də nəzarət ediləcək və qayda pozuntusu törədən sürücülər elektron qaydada cərimələnəcəklər. Bu barədə onların ünvanlarına protokol göndəriləcək.