Suriyada terrorçular İdlib şəhərini ələ keçirdi

Suriyada radikal silahlı qruplaşma Arix şəhərini tutub. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, bu, İdlib əyalətində hökumət qüvvələrinin ən böyük məğlubiyyətidir.

 

Şəhəri "Al-Qaida" və "Cəbhat ən-Nüsra"ya bağlı "Ceyş əl-Fəth" qruplaşması ələ keçirib. Beləliklə, İdlibin demək olar ki, bütün ərazisi hökumət qüvvələrinin nəzarətindən çıxıb.

 

Qruplaşmanın hücumundan bir gün əvvəl "Cəbhət ən-Nüsra"nın lideri Muhamməd Al-Qolani "Əl-Cəzirə" telekanalına müsahibə verib: "Bizim hədəfimiz Suriyanın hazırkı iqtidarını və onun başda "Hizbullah" olmaqla bütün müttəfiqlərini məhv etməkdir. Suriyada islam qanunları tətbiq olunmalıdır". SİTATIN SONU.

 

Suriyanın BMT-dəki səfiri Bəşər əl-Cəfəri qurumun iclasında çıxış edərək, Qətər telekanalını kəskin tənqid edib və Qətər hakimiyyətini "Al-Qaidə" ilə əməkdaşlıqda  ittiham edib. "Qətər telekanalı terror qruplaşmasının liderinin müsahibəsini yayımlamaqla Suriyada şəriət qanunları ilə idarə olunacaq radikal silahlıların hakimiyyətə gəlməsində maraqlı olduğunu ortaya qoydu. Bununla da Qətər terrorçularla əlbir olduğunu açıq-aşkar bildirdi" - deyə diplomat bildirib.

Müəllif | Apa.Tv
Apa.tv