NİİM: Bu gündən parklanma qaydalarını pozan sürücülər sərt şəkildə cərimələnəcək
Birinci Avropa Oyunları ilə əlaqədar bu gündən Bakıda nəqliyyatın hərəkətində bir sıra dəyişiklik edilib.
APA TV-nin xəbərinə görə, iyunun 12-dən başlayacaq Oyunlar zamanı nəqliyyat məlumatlarının çatdırılması üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində brifinq təşkil olunub.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) nəqliyyat kommunikasiyası üzrə meneceri Afaq Hüseynli bildirib ki, yarışların keçiriləcəyi idman arenalarının ətrafında parklanmaya nəzarət zonaları yaradılacaq: "Bununla bağlı qadağalar iyunun 1-dən qüvvəyə minəcək. Bu zonalarda avtomobillərini yalnız xüsusi parklanma icazəsi olanlar, o ərazidə yaşayan sakinlər saxlaya bilərlər. Belə bir icazəsi olmayan sakinlər mütləq mənzil-kommunal idarələrinə müraciət etməlidirlər. Həmin zonada rəsmi saxlama icazəsi olmayan avtomobillər təxliyə olunacaq və onların sahibləri cərimələnəcəklər. Ümumiyyətlə, xahiş edirik ki, bu günlərdə sürücülər qeyri-qanuni parkinq etməsinlər və xoşagəlməz hallardan uzaq olmaq üçün ictimai nəqliyyatla hərəkət etsinlər. Şəhərin uzaq yerlərindən Oyunlara baxmaq istəyən tamaşaçılar isə avtomobillərini Mərkəzi Park (Qış Parkı) və Gənclik Parkındakı dayanacaqlarda saxlaya bilərlər. Onlar üçün güzəştli tarif müəyyən edilib. Bunun üçün onlar cəmi 1 AZN ödəməli olacaqlar".
Sürücülərə fərdi avtomobildən maksimum dərəcədə az istifadə etmələri, daha çox ictimai nəqliyyata üstünlük vermələri tövsiyə olunur.
Şəhərdə "ekspress" avtobusların xidmətindən akkreditasiya olunmuş və bileti olanlar pulsuz istifadə edə biləcəklər. Bu avtobuslar müvafiq metro stansiyaların qarşısından tamaşaçıları idman arenalarına aparacaq.
A.Hüseynlinin sözlərinə görə, hərəkət xətti elə planlaşdırılıb ki, Oyunlar zamanı şəhər sakinlərinin gündəlik həyatına təsiri minimum olsun: "Misal üçün, məşəl proqramı həftə sonuna düşür, Bakıda keçiriləcək yol velosiped yarışları həftənin şənbə və bazar günü keçiriləcək. Triatlon və fərdi yürüş yarışları isə Bilgəhdə keçiriləcək. Bu tədbirlər imkan daxilində elə planlaşdırılıb ki, gündəlik şəhər həyatına təsir etməsin".
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində isə xüsusi qərargah yaradılıb. Bakı şəhər Baş Polis İdarəsi, BAOƏK, Bakı şəhər İcra Hakimiyyəti və digər qurumlar birlikdə fəaliyyət göstərirlər. Yollarda yarana biləcək problemlərin yerində və dərhal həll olunması üçün 24 satlıq iş rejiminə keçilib. Şəhər sakinləri yollarla bağlı məlumat almaq üçün 141 qaynar xəttinə müraciət edə bilərlər.