Təhsil naziri Sabirabadda şagirdini xilas edərkən həyatını itirən müəllimin ailəsinə baş çəkib
Təhsil naziri Mikayıl Cabbarov Sabirabad rayonunda Nizami adına 5 saylı orta məktəbdə keçirilən “Son zəng”də iştirak edib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, təhsil naziri məktəbin müəllim və şagird kollektivi qarşısında çıxış edərək, ölkənin təhsil sistemində tətbiq olunan yeniliklərdən bəhs edib.
Mikayıl Cabbarov vurğulayıb ki, ölkənin təhsilində müəllimlərin biliyi əsas prioritetdir, eyni zamanda onlar bilik və bacarıqlarından savayı öz şagirdlərinə layiqli insan olmağı da öyrətməlidirlər.
Qeyd edək ki, nazirin məhz bu məktəbdə keçirilən “Son zəng”də iştirak etməsi təsadüfü deyil. Bir il əvvəl bu məktəbin müəllimi Əhliman Hüseynov öz həyatı bahasına azyaşlı şagirdini ölümdən xilas edərək qəhrəmanlıq nümunəsi göstərib. Səhər saatlarında məktəbə gedən Əhliman Hüseynov idarə etdiyi avtomobili Kür çayına aşırıb. O, avtomobildə olan 10 yaşlı məktəbli Güldəstə Hüseynovanı xilas etsə də, özü suda boğulub. Daha sonra təhsil naziri Mikayıl Cabbarov Əhliman müəllimin ailəsinə baş çəkib, onun anasına, yaxınlarına başsağlığı verib.