Milli Məclisin yaz sessiyası başa çatdı
Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib.
APA TV-nin məlumatına görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda millət vəkilləri mayın 19-da Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğında dünyasını dəyişənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Oqtay Əsədov bildirib ki, dövlət başçısının tapşırığı ilə yanğın baş verən binada bütün işlər qaydasında davam edir: "Binəqədidə yanan binada bərpası işləri gedir. Əminəm ki, prezident İlham Əliyevin verdiyi tapşırıqların yerinə yetirilməsi nəticəsində bu sahədə mövcud olan nöqsanlar qısa müddətdə aradan qaldırılacaq və belə hadisələr bir daha baş verməyəcək".
İclasın gündəliyinə 18 məsələnin müzakirəsi daxil edilib. Müzakirə olunan məsələlər sırasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi, "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi, dövlətlərarası saziş və protokolların təsdiq edilməsi yer alıb.
Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclasında ötən ilin dövlət büdcəsinin icrası müzakirə olunaraq təsdiq olunub. İqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev deyib ki, dövlət və icmal büdcəsi ilə bağlı şəffaflığın təmin edilməsi 2014-cü ildə də davam etdirilib, dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyası uğurla yerinə yetirilib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov nəzərə çatdırıb ki, ötən il yol vergisi və torpaq vergisi ilə bağlı proqnozlar aşağı səviyyədə icra olunub: “Dövlət borcunun ilbəil artmasını nəzərə alaraq, uzun müddətli perspektivdə dövlət borcunun aşağı salınması üçün müvafiq strategiyanın hazırlanmasını məqsədəuyğun sayırıq. 2014-cü il dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatası müsbət rəy verib”.
Azərbaycanın ixrac məhsullarının qiymətinin iki dəfə düşməsinə baxmayaraq, ölkədə iqtisadi artımın davam etdiyini söyləyən maliyyə naziri Samir Şərifov 2014-cü il dövlət büdcəsinin icrasına dair məlumatları açıqlayıb.
Onun sözlərinə görə, dünyada qeyri-sabit iqtisadi vəziyyətə baxmayaraq, Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub. 2013-cü illə müqayisədə 2014-cü ildə 2,8% çox, yəni 59 mlrd. manatlıq ÜDM istehsal olunub: "Ötən il qeyr-neft sektorunda 7%-lik real artıma nail olunub. Bununla da qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 61%-dək yüksəlib. ÜDM-in 39%-i neft-qaz sektorunun payına düşüb ki, bu da 2013-cü ilə nisbətən 2,9% artım deməkdir. 2014-cü ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların 72,3%-i daxili investisiyaların payına düşüb. Bununla da daxili investisiyalar xarici investisiyaları xeyli üstələyib. Hesabat dövründə orta aylıq əmək haqqı 4,5% artaraq 444,3 manat təşkil edib. 2013-cü illə müqayisədə əhalinin gəlirləri 4,8% artaraq 39,4 milyard manata çatıb. Hər nəfərə düşən gəlirlərin artımı 3,5% olub ki, bu da inflyasiyadan 2,1% çoxdur. Ötən il dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manatlıq proqnoza qarşı 18 mlrd. 400 mln. 565 min manat olub. Bu, nəzərdə tutulandan 16,6 milyon manat çoxdur. Beləliklə, proqnoza 100,1% əməl olunub”.
Nazir bildirib ki, 2014-cü ildə dövlət ehtiyat fondlarında müəyyən layihələrin icrası üçün 697 milyon manat nəzərdə tutulub. S.Şərifov 2014-cü ildə büdcə xərclərinin 15,2%-nin müdafiə xərclərinə yönəldildiyini açıqlayıb.
Nazir millət vəkillərini qanun layihəsinin qəbuluna səs verməyə çağırıb.
Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.
Bundan başqa, iclasda "Yol hərəkəti haqqında", "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Pasportlar haqqında" qanunlara və Miqrasiya, Cinayət, həm də İnzibati Xətalar məcəllələrinə, "Mühasibat uçotu haqqında" qanuna dəyişiklik edilməsi məsələlərinə də baxılıb.