Avropa Oyunlarında rəsmi akkreditasiyadan keçmiş jurnalistlər nəqliyyatdan pulsuz istifadə edəcək
Bakı-2015 I Avropa Oyunları ilə bağlı rəsmi akkreditasiyadan keçmiş media nümayəndələrinə rəsmi qeydiyyat vəsiqələri verilib.
APA TV-nin xəbərinə görə, Bakı 2015-in Mətbuat Əməliyyatları Komitəsinin əməkdaşı Ceyn Pirs deyib ki, akkreditasiya verilən hər bir media nümayəndəsi müəyyən olunmuş qaydalar çərçivəsində video və foto çəkilişlər apara biləcək.
Onun sözlərinə görə, Oyunların açılış və bağlanış mərasimlərində və yayım hüququ olmayan media qurumları yalnız yayım hüququ olan şirkətlərin video çəkilişlərindən istifadə edə biləcəklər. Eyni zamanda akkreditasiya vəsiqəsi olan şəxslər Bakıdakı istənilən ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər: "Avropa Oyunları ilə əlaqədar rəsmi akkreditasiyadan keçmiş bütün şəxslər Oyunlar zamanı akkreditasiya kartını göstərməklə gün ərzində marşrut avtobusları, eləcə də “ekpress” avtobusların xidmətindən pulsuz yararlana biləcəklər. Bu hüquq Avropa Oyunları tam bitənədək davam edəcək. Bunun üçün onların akkreditasiya kartını göstərməsi yetərlidir".
Qaydalara əsasən, Oyunlar zamanı mətbuat konfransları və xüsusi müsahibələrə yalnız qeydiyyatdan keçən şəxslər buraxılacaq.