“Aşıq Şəmşir” Mədəniyyət Ocağı 28 May - Respublika günü münasibətilə tədbir keçirib

Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən həyata keçirilən vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi ilə bağlı silsiləli tədbirlər davam edir.

 

Belə tədbirlərdən biri də 28 May - Respublika gününə həsr olunub. Tədbirdə qonaq qismində Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Qarabağ Fondunun sədri Diana Cohen Altman iştirak edib.

 

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanov ilk öncə 28 May - Respublika Günü münasibətilə təbriklərini çatdırıb və Diana Cohen Altmana öz minnətdarlığını bildirib. Qeyd edib ki, 28 May hər bir Azərbaycan vətəndaşının qəlbini milli qürur hissi ilə dolduran, xalqımızın azadlıq və müstəqillik naminə mübarizə tarixinə qızıl hərflərlə həkk olunmuş şərəfli bir gündür. Həmin gün Şərqdə ilk dəfə olaraq azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı elan olundu. Qısa vaxt ərzində Azərbaycanın dövlət rəmzlərinin atributları qəbul edildi, dövlət sərhədləri müəyyən olundu, vətəndaşların hüquq bərabərliyinin təminatı, ana dilinin dövlət dili elan edilməsi, həmçinin milli dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahəsində mühüm addımlar atıldı. Ancaq təəssüflər olsun ki, qan bahasına əldə edilən müstəqillik uzun çəkmədi. Azadlıq və xoşbəxtlik rəmzi olan milli bayrağımız cəmi 23 ay dalğalandı.

 

Azərbaycan ötən əsrin ikinci onilliyinin əvvəlində itirdiyi müstəqilliyini əsrin sonuncu onilliyinin əvvəlində - 1991-ci ildə yenidən tapdı. Lakin dövlət müstəqilliyimizin ilk üç ilində ölkədə hərc-mərclik və hakimiyyətsizlik baş alıb gedirdi. Azərbaycanın əsl müstəqilliyi 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başladı. Azərbaycanı parçalamaq istəyən separatçı qüvvələrin, dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı qətiyyətlə alındı. Ölkədə güclü qanunverici baza yaradıldı. Siyasi, iqtisadi, hüquqi, demokratik islahatlar həyata keçirildi, onun təsisatları yarandı və bu islahatlar həyatın bütün sahələrində ölkənin tərəqqisinə güclü təkan verdi. Bu inamın banisi öz ölkəsini və xalqını qorumaq iqtidarına malik olan Ulu Öndər Heydər Əliyev idi.

 

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov deyib ki, Heydər Əliyev hər zaman tarixi dəyərlərə, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinə hörmətin və onun ideyalarının təbliğ edilməsinin vacibliyini vurğulayıb. Azərbaycan prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın iradəsinə əsaslanır. Bu gün regionda heç bir layihə Azərbaycanın iştirakı olmadan reallaşa bilməz. Azərbaycanın iqtisadi tərəqqi zirvələrinə doğru irəliləyişinin əsas təkanverici qüvvəsidir, müstəqilliyimizin, xoşbəxtlik və firavanlığımızın qarantıdır.

 

ABŞda fəaliyyət göstərən Qarabağ Fondunun sədri Diana Cohen Altman 28 May - Respublika günü münasibətilə öz təbriklərini çatdıraraq bildirib ki, Müsəlman Şərqində ilk parlament respublikası - Xalq Cümhuriyyəti Azərbaycan xalqının qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Məhz ilk dəfə qadınlara çeki hüququ həmin dövrdə verilmişdi: "Xalqınız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra lideriniz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Bu gün Azərbaycan cox  sürətlə inkişaf edir. Mən Sizin şəhərdə gəzəndə çox səmimi, mehriban, qonaqpərvər insanlarla qarşılaşıram. Şəhəriniz günü-gündən gözəlləşir. Azərbaycanda bütün dünyanın diqqətlə izlədiyi I Avropa Oyunları keçiriləcək. Bu, Sizin dünyada artan nüfuzunuzun və iqtisadi inkişafınızın sürətlə inkişaf etməsi deməkdir. Siz xoşbəxt xalqsız ki, sizin çox savadlı, müasir düşüncəli güclü lideriniz var".

 

Qonaq həmçinin rəhbərlik etdiyi Qarabağ Fondunun fəaliyyəti haqqında məlumat verib.

 

Sonda məktəbliləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb. 

Müəllif | Apa.Tv
Apa.tv