Saakaşvili Ukraynanın Odessa vilayətinin qubernatoru təyin edildi
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynanın Odessa vilayətinin qubernatoru təyin edilib.
APA TV-nin məlumatına görə, bunu Ukraynanın ekologiya naziri İqor Şevçenko özünün “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, bu barədə qərarı Nazirlər Kabineti qəbul edib. Hökumət Ukrayna prezidentinə Mixail Saakaşvilinin qubernator təyin olunmasını tövsiyə edib.
Bir qədər sonra "Ukrinform" informasiya agentliyi Prezident Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb ki, rəsmi qərar şənbə günü açıqlanacaq.
Ukrayna qanunvericiliyinə görə, regionlara Ukrayna vətəndaşlığı olan şəxs rəhbərlik edə bilər. Artıq Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığı da verilib. Bu barədə Ukrayna Ali Radasının deputatları bildiriblər.
“Petro Poroşenko bloku”nun təmsilçisi Mustafa Nayem Mixail Saakaşvilinin rəsmən Ukrayna vətəndaşı olduğunu özünün “Facebook” səhifəsində təsdiqləyib.
Digər deputat Sergey Leşşenko da sabiq Gürcüstan prezidentinə Ukrayna vətəndaşlığının verilməsi və Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilməsini təsdiqləyərək “Twitter"-də yazıb: “Mixo, biz yeni Batumi istəyirik!”