Bakıda 47 yaşlı qadın quyuya düşüb - HƏVƏSKAR ÇƏKİLİŞ
Bakıda 47 yaşlı qadın quyuya düşüb. APA TV-nin məlumatına görə, hadisə Suraxanı rayonu ərazisində, Balaxanı qəsəbəsi, Yanardağ küçəsi ev 19-da baş verib.
1968-ci il təvəllüdlü Rəsulova Maral Yəhya qızına məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən əlavə tikilinin döşəməsi çöküb. Maral Rəsulova çökmə nəticəsində əmələ gəlmiş diametri təxminən 3-4 metr, dərinliyi 3 metr olan quyuya düşüb.
Qadın aldığı xəsarət nəticəsində düşdüyü quyudan çıxa bilməyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Onlar müvafiq alət və avadanlıqlardan istifadə edərək Maral Rəsulovanı dağıntılar arasından çıxarıb və hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadasına təhvil veriblər.
Aparılmış ilkin müayinə zamanı 47 yaşlı qadının bel nahiyəsindən xəsarət aldığı müəyyən olunub.
Xilasedicilər hadisə yerinə təkrar baxış keçirərək təhlükəsizlik tədbirləri həyata keçiriblər.