Blatter yenidən prezident seçildi: FİFA parçalana bilər

Beynəlxalq Futbol Federasiyasının fəaliyyətdə olan prezidenti Yozef Blatter seçkilərə iki gün qalmış başlayan korrupsiya qalmaqalına baxmayaraq, növbəti beş il üçün FİFA rəhbəri seçilib.

 

FİFA prezidentliyinə iki namizəd var idi - Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn.

 

Səsvermənin birinci turunda namizədlərdən heç biri səslərin 1/3 hissəsini toplaya bilməyib. İlk turda Yozef Blatterin lehinə 133, İordaniya şahzadəsinə isə 73 nəfər səs verib. Lakin ikinci tura ehtiyac qalmayıb. Şahzadə Əli namizədliyini geri götürüb. Beləliklə, 2019-cu ilədək FİFA-ya Yozef Blatter rəhbərlik edəcək.

 

Əgər 79 yaşlı Blatter bu müddəti başa vursa, təşkilatın ən yaşlı prezidenti olacaq. Hazırda bu titul Blatterin sələfi Joao Avelanja aiddir. O, FİFA prezidenti kürsüsünü 1998-ci ildə 82 yaşında tərk edib.

 

Tarixdə ilk dəfədir ki, FİFA rəhbəri seçkiləri nəhəng korrupsiya qalmaqalı dalğasında keçirilirdi. Çərşənbə günü Sürixdə FİFA-nın bir neçə yüksək vəzifəli nümayəndəsi, o cümlədən iki vitse-prezidenti korrupsiya ittihamı ilə həbs edilmişdi. İsveçrənin Federal ədliyyə və polis departamenti 2018 və 2022-ci illərin dünya çempionatlarının ev sahibləri kimi Rusiya və Qətərin seçilməsi ilə bağlı cinayət işi açıb.

 

FİFA-nın konqresindən əvvəl UEFA prezidenti Mişel Platini bəyan etmişdi ki, azı 45 Avropa ölkəsi seçkilərdə 39 yaşlı Əli bin əl-Hüseyni dəstəkləyəcək. Bununla belə, ilk turda Yozef Blatter rəqibindən daha güclü olduğunu göstərdi.

 

Seçkidən sonra Mişel Platini Yozef Blatteri təbrik etməyib, əksinə, onun rəqibinə səs verənlərə təşəkkür edib. Onun sözlərinə görə, FİFA nüfuzunu geri qaytarmaq istəyirsə, mütləq dəyişikliklərə getməlidir.

 

Blatterin beşinci dəfə prezident seçilməsindən sonra FİFA və UEFA arasındakı ziddiyyət daha da dərinləşib. Norveçin Futbol Assosiasiyasının prezidenti İnqve Hallen bəyan edib ki, alternativ dünya çempionatı da keçirilə bilər: "FİFA və UEFA arasında münasibətlər kəskin dəyişir. Alternativ dünya çempionatının ortaya çıxması mümkündür. Orada Avropa milliləri və digər qitələrdən dəvət edilən yığmalar iştirak edəcək".

 

Müəllif | Apa.Tv
Apa.tv