Devid Kemeron: “Avropa bizim şərtləri qəbul etməyə məcburdur”
Böyük Britaniyanın baş naziri Devid Kemeron avropalı həmkarlarını Avropa İttifaqının yeritdiyi siyasəti dəyişməyə çağırıb.
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, Parisə səfərini başa vuran hökumət rəhbəri Angela Merkellə görüşmək üçün Berlinə yollanıb.
London qurum qarşısında şərt qoyub. Kemeron bildirib ki, krallıq yalnız bu şərtlərin qəbul ediləcəyi təqdirdə qurumda qala bilər. Londonun etiraz etdiyi əsas detal təşkilatın miqrant siyasəti ilə bağlıdır: "Böyük Britaniyasız Avropaya çox çətin olacaq, onlar bizim şərtləri qəbul etməyə məcburdurlar. Hesab edirəm ki, Avropa İttifaqı krallığın milli maraqlarına zidd olan siyasətindən imtina edəcək. Əgər onlar bunu daha tez etsələr, biz bu müzakirələrlə bağlı itirdiyimiz zamanı əməkdaşlığın genişlənməsinə sərf edə bilərik. Nəticə əldə edəriksə, Avropa insanı bunun faydasını görəcək".
Almaniyanın kansleri isə Böyük Britaniyanın qurumda qalacağına ümid etdiyini deyib: "Avropada bizim bir ümumi prinsipimiz var. Əgər üzv dövlətlərdən hər hansının aparılan siyasətə etirazı və ya təklifi varsa, bunu bərabər şəkildə yoluna qoymağa çalışırıq. Buna rəğmən bir "qırmızı xətt" də mövcuddur ki, onu keçmək olmaz".