Lahıcdan Masallıya misgərlik gətirən nəsil - REPORTAJ
Masallı rayonunun Boradigah qəsəbəsində yerləşən bu dar, yöndəmsiz emalatxananın yerini kimdən soruşsan, dərhal nişan verəcək. Buranı tapmaq bizim üçün də çətin olmadı. Misgər Taleh Ağayevin çəkiclə mis üzərində çıxardığı musiqili səs maşınların hay-küyünə baxmayaraq, uzaqdan seçilirdi.
Həmsöhbətimizin 48 yaşı var. Əslən İsmayıllının Lahıc qəsəbəsindəndir. Əlli il öncə atası Boradigah qəsəbəsinə pənah gətirib. Elə o vaxtdan yerli əhaliyə qaynayıb-qarışıblar. Özləri də olublar boradigahlı. Misgərlik sənəti isə onlara ata-babadan miras qalıb. Bu emalatxanada Talehdən əvvəl atası, daha sonra qardaşları işləyib. Onlar, necə deyərlər, missiyalarını başa vurduqdan sonra estafeti Talehə ötürüblər.
Misgərlik peşəsinin özünəməxsus çətinlikləri olsa da, Taleh Ağayev könül verdiyi, çörəyi çıxdığı sənətdən zövq aldığını deyir. Emalatxanasında əsasən misdən qazan, məcməyi, tava, teşt və digər məişət qabları hazırlayan misgərin sözlərinə görə, əvvəllər bu sahəyə də, elə mis qabların özünə də maraq çox olub. Qızlar gəlin köçərkən hökmən buraya baş çəkər, cehizlik qab-qacaq alardılar. Sonradan İranda, Çində istehsal olunan plastik qablar mis qabların yerini tutdu. Nəticə etibarilə misgər Taleh Ağayevə verilən sifarişlərin sayı da azaldı.
Rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə, sərgilərdə tez-tez əl işləri nümayiş etdirilən usta Taleh eyni zamanda həm də qalayçılıqla da məşğul olur. Qədim dövrlərdən qalma köhnə, sıradan çıxmış samovarlara, çaydanlara, qazanlara, necə deyərlər, ikinci həyat bəxş edir. Axır vaxtlar isə o, daha çox Masallının, Odlar Yurdu Azərbaycanın simvollarını özündə əks etdirən suvenirlərin hazırlanmasına xüsusi önəm verir. Ustanın sözlərinə görə, onun əlindən çıxmış bir sıra suvenirlər hətta xarici ölkələrin Azərbaycandakı səfirlərinə hədiyyə olunub, dünya muzeylərinin eksponatına çevrilib.
Usta Taleh Ağayev söhbət zamanı diqqətimizi daha bir məqama yönəltdi. Ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunları zamanı ölkəmizə minlərlə xarici turistin gələcəyini söyləyən misgər onların bir hissəsinin Masallıda da olacağını söyləyir. Elə bu məqsədlə də mis və gümüş lövhələr üzərində Birinci Avropa Oyunlarını özündə əks etdirən suvenirlər hazırlayıb.
Rayon rəhbərliyi Usta Talehə yeni emalatxana tikməkdən ötrü torpaq sahəsi ayırıb. O ki, qaldı ardıcılları məsələsinə, əvvəllər bir neçə nəfər bu sənəti öyrənmək üçün ustanın yanına gəlib, amma iki gündən sonra çıxıb gediblər: "Misgərlik sənəti incə olduğu qədər çətin sənətdir, adamda səbr, dözüm tələb edir. Heç özüm də bilmirəm ki, məndən sonra bizim dədə-baba sənətini kim davam etdirəcək”.