Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların ilk buraxılışı keçirilib
Dövlət Sərhəd Xidmətinin (DSX) Mərdəkan qəsəbəsində yerləşən Xüsusi Məktəbində məzunların ilk buraxılışına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev, Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin nümayəndələri, generallar iştirak edib.
Dövlət himnimiz səsləndikdən sonra general-polkovnik Elçin Quliyev çıxış edərək, məzunları təbrik edib, tövsiyə və tapşırıqlarını verib. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyasının Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla yerinə yetirilməsindən, Azərbaycan Sərhəd Mühafizəsinə göstərilən ali diqqət və qayğıdan danışan Elçin Quliyev Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın məktəbin yaradılmasındakı əməyini xüsusi qeyd edib.
Tədbirdə qeyd olunub ki, şagirdlərin savadlı, fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər insanlar kimi tərbiyə olunması üçün məktəbdə bütün şərait yaradılıb. Hər il məktəbdə oxumaq istəyənlərin sayının qəbul planında nəzərdə tutulduğundan dəfələrlə çox olmasının qısa müddətdə məktəbin respublikamızda böyük nüfuz qazanmasının göstəricisi olduğu vurğulanıb.
Məzunların Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul imtahanlarını uğurla verəcəkləri, Akademiyada sərhədçi peşəsinin sirlərinə dərindən yiyələnərək yüksək ixtisaslı zabitlər kimi ölkəmizin sərhəd mühafizəsində şərəflə xidmət edəcəkləri bildirilib.
Xüsusi məktəbin rəisi E.Quliyev və məktəbin məzunu S.Musayev tədbirdə çıxış edərək, şagirdlərin yüksək səviyyədə təhsil almaq üçün yaradılmış şəraitə görə minnətdarlıqlarını bildirib, məktəbin məzunlarının bu etimadı doğruldacaqlarına söz veriblər.
Təhsildə fərqlənən ilk məzunların bir qrupuna qiymətli hədiyyələr təqdim olunub. Məzunlar Xüsusi Məktəbin bayrağını öpərək məktəblə vidalaşıblar.