Hicran Hüseynova Qaxda vətəndaşları qəbul edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Qax rayonunda vətəndaşları qəbul edib.


APA TV-nin məlumatına görə, Heydər Əliyev Mərkəzində baş tutan qəbulda şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala, Şəki, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşlar iştirak edib.

 

Komitə sədri onların şikayət və təkliflərini dinləyib. Qadınları daha çox narahat edən məsələlər, sosial-məişət məsələləri, xüsusilə körpə uşaqların övladlığa verilməsi, xəstə və əlil uşaqların müalicəsi məsələləri ilə əlaqədar daha çox müraciətlər olub. Qadınların işlə təminatı, sağlamlıq, təhsil, qadın və uşaq hüquqlarının müdafiəsi, alimentlərin ödənilməsindəki çətinliklər və digər məsələlərlə bağlı müraciətlər də dinlənilib.

 

Qəbul zamanı bir çox şikayətlər yerindəcə həllini tapıb. Bəzi vətəndaşların komitənin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq dövlət qurumlarına çatdırılmaq üçün qeydiyyata götürülüb.

 

Daha sonra komitə sədri Qax rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlarla görüşüb. O, ölkəmizdə ailə, qadın və uşaq siyasəti sahəsində əldə olunan nailiyyətlər haqqında danışaraq bildirilib ki, qadınlar ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən dövlət strukturlarında, parlamentdə fəal iştirak edir və böyük uğurlara imza atırlar. Qeyd edilib ki, dövlət səviyyəsində də bu məsələyə xüsusi diqqət göstərilir.

Müəllif | Apa.Tv
Apa.tv