Gələcəyin olimpiyaçıları üçün “Son zəng” çalındı
Bu gün Azərbaycanın altı günlük təhsil sistemində çalışan orta məktəblərində “Son zəng” tədbiri keçirilib. Respublika Olimpiya İdman Liseyində də ənənəvi “Son zəng” çalınıb. Hər kəsin üzündə bir sevinc, eyni zamanda da bir kədər var. Axı məzunlar 11 il təhsil aldıqları, böyüdükləri, dost tapdıqları, sevdikləri doğma məktəbdən ayrılırlar. Bir neçə dəqiqədən sonra artıq onlar bu təhsil ocağına yalnız qonaq kimi gələ biləcəklər.
Məzun günündə liseyin kollektivi ilə yanaşı Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev, Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, rayon icra strukturunun nümayəndələri iştirak ediblər. Liseyin direktoru Rasim Muradov çıxış edərək təhsil ocağının yaranma tarixindən və keçdiyi inkişaf yolundan danışaraq bildirib ki, əsası 1964-cü ildə qoyulan məktəb keçmiş sovetlər məkanında ilk dəfə Azərbaycanda təsis edilib. 51 illik fəaliyyəti dövründə burada yetişən onlarla idmançı dünya çempionatı və olimpiadalarda qalib olub.
Məktəbin çempionları arasında Kamandar Məcidov, Nazim Hüseynov, Boris Koretski, Elnur Məmmədli, Xəzər İsayev, Vüqar Orucov, Heydər Məmmədəliyev, Həsən Əliyev, Vitali Rəhimov və onlarla digər idmançı var. Olimpiya İdman Liseyinin direktoru Rasim Muradov Avropa Oyunlarında bu məktəbin yetirmələrinin də çıxış edəcəyini deyib:
"Çox sevindirici haldır ki, Avropa Oyunlarında bizim məktəbin yetirmələri də çıxış edəcək. Yunan-Roma növü üzrə 4 çəki dərəcəsində məktəbimizin yetirmələri güləşəcək. Sərbəst güləşdə 1 çəki dərəcəsində 2 idmançı yarışacaq. Dünya və Avropa çempionu olan Həsən Əliyevdən, dünya çempionu Cəbrayıl Həsənovdan, dzyudoçu Nicat Şıxalızadədən yüksək nəticə gözləyirik"
Qeyd edək ki, Respublika Olimpiya İdman Liseyində təhsil alan 635 şagirddən 68 nəfər bu gün məzun olub.