Bu il sayca beşinci "ASAN Xidmət" mərkəzi istifadəyə veriləcək

"ASAN Xidmət" mərkəzlərinin təsis edilmədiyi rayonlarda vətəndaşlara xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmasının təmin edilməsi üçün xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmət göstərir.

 

Fərqli dizayna və müasir informasiya  texnologiya avadanlıqlarla təchiz edilmiş irihəcmli avtobuslar iyunun 1-dən etibarən bir neçə istiqamət üzrə regionlarda əhaliyə xidmətlər göstərməyə başlayacaq.

 

"ASAN Xidmət"in ictimaiyyətlə əlaqələr sektorunun müdiri Anar Hüseynovun dediyinə görə, iki il öncə iki avtobus yerlərdə əhaliyə xidmət göstərirdi: "Bu gün isə 5 avtobus rayonlara səfər edəcək. İlkin olaraq səyyar avtobuslar Balakən, Qəbələ, Kürdəmir rayonlarında xidmət göstərəcək və hər rayonda səyyar avtobusun xidmət göstərmə müddəti 15 gündür. Daha iki avtobus isə Qazax, Ağstafa, Tovuz, Xaçmaz rayonlarının sakinlərinə səyyar formada xidmət göstərəcək".

 

Xidmətin bir avtobusu isə Binəqədi rayonunda yanğın baş vermiş binanın sakinlərinə sənədlərin bərpası ilə bağlı xidmət həyata keçirir.

 

Myaın 22-dən etibarən bu günə kimi ümumilikdə 248 vətəndaşın müraciəti qeydə alınıb. Həmin xidmət bütün binanın sakinlərinin sənədləri qaydasına salınana qədər davam edəcək. Səyyar formada xidmətlərin iş qrafiki "ASAN Xidmət" mərkəzlərinin iş qrafiki ilə müəyyən edilib.

 

Anar Hüseynov bildirib ki, prezident İlham Əliyevin Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi ilə əlaqədar müvafiq torpaq sahələri və daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının təmin edilməsinin daha səmərəli təşkili ilə bağlı fərmanından irəli gələn məsələlərin icrası artıq yekunlaşıb.

 

Mayın 20-dən etibarən bu layihə ilə bağlı sənədləşmə işləri bitib. 8 ay müddətində ümumilikdə 16 minə yaxın müxtəlif müraciətlərlə bağlı vətəndaşların müraciətləri təmin edilib.

 

Onun sözlərinə görə, bu il də həm regionlarda, həm də Bakı şəhərində sayca beşinci "ASAN Xidmət" mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub.

 

Səyyar şəkildə xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu ilin sonuna kimi Səyyar "ASAN Xidmət" bir neçə istiqamət üzrə regionlarda əhaliyə xidmət göstərəcək.

 

Müəllif | Apa.Tv