Xaçmazda şaftalı bağları təhlükə altındadır
Xaçmaz rayonundakı şaftalı bağlarında göbələk xəstəliyi yayılıb.
APA TV-nin məlumatına görə, təsərrüfatçılar xəstəliyin qarşısını almaq üçün müxtəlif kimyəvi dərman preparatlarından istifadə etsə də, bunun qarşısını almaq mümkün olmayıb. Nəticədə ağacı oksigen ilə təmin edən yarpaqların əksəriyyəti məhv olub.
Bağbanlar deyir ki, ona görə də bu il məhsuldarlığın aşağı olacağı gözlənilir. Bu sahə ilə məşğul olan fermerlər deyir ki, son 30 ildə şaftalı bağlarında xəstəliyin belə sürətlə yayılması müşahidə edilməyib.
Göbələk xəstəliyi ağaclarda az miqdarda olarsa, yarpaqların, meyvələrin üzərinə ləkə salmaqla onların zahirini görünüşünə, həm də dadına təsir edir. Meyvənin keyfiyyət göstəriciləri aşağı düşür. Lakin xəstəliyin ağacı tam əhatə etməsi isə ağacların tamamilə quruması ilə nəticələnə bilər. Mütəxəssislər isə xəstəliyin belə geniş vüsət almasının bir neçə səbəbinin olduğunu deyir.
Kənd təsərrüfatı mütəxəssisləri bildirir ki, hazırda ağacların üzərində olan kiçik meyvələrin yetişmə ehtimalı çox azdır. Buna səbəb isə xəstəliyə tutulan ağaclarda inkişaf prosesinin ləngiməsidir. Hazırda rayonda 2 252 hektar şaftalı bağı var ki, bunun da 1211 hektarı barverəndir. Ötən il bağlardan 13 295 ton meyvə toplanıb. Orta hesabla hər hektardan 110 sentner məhsul yığılıb.