Bakıda avtomobillərlə bağlı daha bir QADAĞA

Bakıda Avropa Oyunları zamanı yarışların keçiriləcəyi idman arenalarının ətrafında parklanmaya nəzarət zonaları yaradılır. Ona görə də həmin zonalarda rəsmi icazəsi olmayan şəxslərin nəqliyyat vasitələrini saxlaması bir ay müddətinə qadağan edilir.

 

APA TV-nin məlumatına görə, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsindən verilən məlumata görə, bununla bağlı qadağalar bu gecədən qüvvəyə minib.

 

Bununla da həmin ərazilərdəki parkomatların fəaliyyəti də dayandırılıb. Bu zonalarda avtomobillərini yalnız parklanmaya xüsusi icazə sənədi olanlar, o ərazidə yaşayan sakinlər saxlaya bilərlər. Belə bir icazəsi olmayan sakinlər mütləq mənzil-kommunal idarələrinə müraciət etməlidirlər. Həmin zonada rəsmi saxlama icazəsi olmayan avtomobillər dərhal təxliyə olunacaq və onların sahibləri cərimələnəcəklər. Bu qadağa bir ay ərzində - iyulun 1-dək qüvvədə olacaq.

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) isə bildiriblər ki, ümumiyyətlə, bu günlərdə paytaxt ərazisində qeyri-qanuni parkinq edən sürücülərə qarşı mübarizə tədbirləri gücləndiriləcək. Bu məsələlərə ciddi nəzarət olunacaq və qaydanı pozanlar qanunvericiliklə cəzalandırılacaqlar. Ona görə də sürücülərə yollarda narahatlıqlardan və xoşagəlməz hallardan uzaq olmaq üçün ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur.

 

Müəllif | Apa.Tv
Apa.tv