ATƏT sədrinin Azərbaycana səfəri başlayıb
ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiçin Azərbaycana səfəri başlayıb.
APA TV-nin məlumatına görə, İvitsa Daçiçi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ATƏT və Serbiyanın ölkəmizdəki səfirliyinin nümayəndələri qarşılayıblar.
Bu gün onun Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, siyasi partiya nümayəndələri ilə görüşləri planlaşdırılıb. ATƏT sədri həmçinin qurumun Bakıdakı layihə-koordinatorluğuna baş çəkəcək.
Səfərin sonunda o, Azərbaycanın xarici işlər naziri ilə birlikdə mətbuat konfransı keçirəcək. İvitsa Daçiç iyunun 2-də Gürcüstana, iyunun 3-də isə Ermənistana səfər edəcək.