İŞİD Liviyada terror aktı törətdi
Liviyada törədilən terror aktında 5 nəfər ölüb, 10 nəfər yaralanıb.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, hadisə Misurata şəhərinin çıxışındakı postda qeydə alınıb.
Terrorçu özünün də içərisində olduğu avtomobili partladıb. Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb. "Biz orduya, polisə və bütün inqilabçı qüvvələrə radikal qruplaşmaya qarşı mübarizə aparmaqda yardım edəcəyik. Liviyaya yeridilən bu terrorçuların İslamı dəstəklədikləri haqda verdiyi bəyanatlar yalandır, İslam onları rədd edir" - deyə, özünü ölkənin rəhbəri adlandıran Xəlifə al-Qoveyl bildirib.
Xatırladaq ki, tanınmamış hakimiyyəti dəstəkləyən "Liviyanın sabahı" adlı hərbi birləşmələr İŞİD-lə mübarizədə acizdir. Terrorçuların ötən həftə Sirt şəhərinin aeroportunu çox asanlıqla ələ keçirməsi buna sübutdur. Devrilərək qətlə yetirilən keçmiş Liviya lideri Müəmmər Qəddafi hakimiyyətindən sonra ölkə xaosdan xilas ola bilmir.