Bu gündən rayon qeydiyyatında olan maşınlar Bakıya buraxılmır

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib. qurumun ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyev APA TV-yə bildirib ki, paytaxtda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar bu gündən respublikanın digər şəhər və rayon qeydiyyatında olan avtomobillərin paytaxta girişinə məhdudiyyətlər qoyulub: "İyunun 1-dən etibarən Bakı şəhərinə yük avtomobillərinin buraxılmasına, ümumiyyətlə, icazə verilmir. Bakı şəhərinin daxilində də yük avtomobillərinin hərəkətinə qadağa qoyulacaq. Yük avtomobilləri yalnız xüsusi buraxılış əsasında gecə saat 22.00-dən səhər saat 7.00-dək fəaliyyət göstərə bilərlər".

 

Kamran Əliyevin sözlərinə görə bu avtomobillər yalnız ərzaq, gündəlik tələbat malları və digər məhsullar daşıya bilərlər. Bu gündən etibarən Bakının bütün girişlərində xüsusi postlar yaradılıb. Respublikanın digər şəhər və rayon qeydiyyatında olan avtomobillər paytaxtın bütün girişlərində yeni salınmış müvəqqəti saxlanma yerində saxlanılacaq. Rayonlardan paytaxta şəxsi avtomobilləri ilə gələn şəxslər yalnız ictimai nəqliyyatla mərkəzə gedə bilərlər.

 

Avropa Oyunları zolaqları məsələsinə yenidən toxunan Kamran Əliyev gün ərzində kameralar vasitəsilə zolaqların müşahidə olunduğunu diqqətə çatdırıb: "Nişanların aşağısında konkret olaraq vaxt göstərilmədiyindən, sutkanın 24 saatı ərzində bu zolaqlarla hərəkətə icazə verilmir. Bir daha təkrara edirəm ki, iyul ayının 1-dək bu zolaqlarla hərəkətə qadağa qoyulub".

Müəllif | Apa.Tv
Apa.tv