Sabahdan orta məktəblərdə buraxılış imtahanları başlayır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyun ayında respublikanın bütün orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

 

Komissiya sədri Məleykə Abbaszadə bildirib ki, buraxılış imtahanları təsdiq olunmuş qrafikə uyğun olaraq 2, 6, 11 və 16  iyun tarixlərində aparılacaq. Bu imtahanlarda respublika üzrə 88 151 nəfər XI  sinif, 107 236 nəfər isə IX sinif şagirdinin iştirakı gözlənilir. Eyni gündə saat 10:00-da buraxılış sinfinin IX, saat 15:00-da isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər.

 

İmtahanlar şəhər, rayon, qəsəbə və kənd yaşayış məntəqələrində ümumilikdə 273 imtahan mərkəzində aparılacaq.

 

Qeyd edək ki, TQDK-nın Kollegiyasının 14.01.2015-ci il tarixli qərarlarına əsasən, ali təhsil müəssisələrinin  V ixtisas qrupu və  tam orta təhsil (11 illik) bazasında kolleclərə qəbul cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə əsasən həyata keçiriləcək. 2014-cü ildən isə ümumi (9 illik) təhsil bazasında kolleclərə qəbul həmin ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə əsasən aparılır.

 

Bu ildən Azərbaycanda tətbiq edilən yeniliklərə əsasən, tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili, riyaziyyat və xarici dil fənləri üzrə TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Xarici dil fənni tədris edilməyən təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər.

 

Məleykə Abbaszadə bildirib ki, bu ildən etibarən bütün sual kitabçaları unikal olacaq. Onun sözlərinə görə, hər sual kitabçasının üzərində hər şagirdin adı və soyadı yazılacaq: "Yenilik odur ki, hər kitabçanın səhifəsində şagirdin bar kodu qeyd olunub. Builki kitabçalar yalnız 4 variantdadır, çünki texnologiyanın tətbiqi təzə istifadə edilir. Gələcəkdə hər bir auditoriyada 24 abituriyent imtahan verəcəksə, 24 variantlı kitabça  edə biləcəyik. Çünki hər bir kitabça hər bir abituriyentə aid variantda ola bilər. Yeni kitabçada hər abituriyentin seçiminə uyğun dil seçimi var. Əvvəllər isə bu, ayrı kitabça formasında idi. Bu texnologiya bizə gələcəkdə yeni növ imtahanların keçirilməsinə şərait yaradacaq".

 

Komissiya sədri qeyd edib ki, belə növ imtahanlarda təkcə cavab kartları yığılmayacaq, eyni zamanda sual kitabçaları da yığılacaq: "Builki sınaq imtahanlarında artıq bu kimi sual kitabçaları abituriyentlərə təqdim olunub. Bir məsələ də var ki, imtahanlarda abituriyentlər kitabçaları dəyişə bilərlər. Bəzən bunu nəzarətçilər  görmür. Yeni halda kitabçamın üzərində abituriyentin adı, soyadı və yeri qeyd olunur. Bu da imtahanlarda köçürmə hallarının sayını xeyli azaldıb".

Müəllif | Apa.Tv
Almaz Qasımova