Azay Quliyev: "Səs siqnalları, parklanma, avtomobili yüksək surətlə idarəetmə bizi narahat edir"

"Ölkədə keçiriləcək Avropa Oyunları ilə bağlı 29 layihəyə 300 min manat vəsait ayrılıb. Məqsəd cəmiyyətin maarifləndirilməsi və vətəndaş cəmiyyəti institutlarının bu yarışa öz töhfəsini verməkdən ibarətdir".

 

APA TV-nin məlumatına görə, bunu Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev "I Avropa Oyunları və ictimai davranış qaydaları"na aid dəyirmi masada çıxışı zamanı bildirib.

 

Onun sözlərinə görə, ölkəmizdə keçiriləcək İlk Avropa Oyunları hamının məsuliyyətidir və bütün QHT-lər üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidirlər.

 

Azay Quliyev təəssüflə qeyd edib ki, müəyyən sahələrdə, xüsusən də sürücülərin davranışı ilə bağlı bəzi problemlər mövcuddur: “Məni narahat edən məsələlərdən biri də budur ki, sürücülərimiz elementar qaydalara əməl etmir, lazımsız səs siqnallarından istifadə edərək, insanları narahat edirlər. Digər tərəfdən, restoranlarda xidmət səviyyəsi artırılmalı, qiymətlər süni şəkildə qaldırılmamalıdır. Yəni bizim məqsədimiz ondan ibarətdir ki, qeyri-etik davranış nəticəsində bizim çəkdiyimiz əziyyət hədər getməsin. Çünki Avropa Oyunları Azərbaycan xalqının uğurudur, bizim hamımızın adıdır”.

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə qeyd edib ki, yol hərəkəti qaydalarında mədəniyyət səviyyəsinin yüksəldilməsi olduqca vacibdir: “Bununla bağlı xeyli təbliğat işləri aparılır və bunlar da işin keyfiyyətinə müsbət təsir göstərir. Təəssüflər olsun ki, təkcə səs siqnalları deyil, parklanma, avtomobili yüksək surətlə idarəetmə və digər neqativ hallar da bizi narahat edir”.

 

Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Hüseynov ictimai davranış qaydalarında ciddi problemlər olduğunu vurğulayıb. O bildirib ki, bu sahədəki pozuntular daha çox insanların özü ilə bağlıdır. Sürücülər tərəfindən qanun pozuntularının qarşısının alınması üçün radiolara müraciət edib, hansısa bir şüar altında təbliğat aparmaq vacibdir.

 

Milli QHT Forumunun prezidenti Rauf Zeyni isə qeyd edib ki, Avropa Oyunları ilə bağlı böyük işlər görülsə də, bəzi şəxslər daha çox şəxsi mənafeyini düşünür. Bu istiqamətdə o, İctimai Nəzarət Vətəndaş Cəmiyyəti Koalisiyasının yaradılmasını təklif edib.

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı da sürücülük mədəniyyətinin yüksəldilməsi üçün kütləvi informasiya vasitələrində müzakirələrin təşkil edilməsini təklif edib.

 

Tədbirdə digər təkliflər də müzakirə edilərək, həyata keçirilməsi üçün tapşırıqlar verilib.

 

Müəllif | Apa.Tv