Azərbaycanda ilk: televiziyanın idarəetməsi uşaqlara həvalə olundu

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Xaçmazdan yayımlanan Region TV-nin (RTV) idarəetməsi uşaqlara həvalə olunub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, televiziya ictimaiyyətinin uşaqlara diqqətini artırmaq, onlara verilən dəyəri stimullaşdırmaq üçün həm idarəetmədə, həm də verilişlərin təqdimatında maraqlı dəyişikliklər edib. 


Azərbaycan teleməkanında ilk dəfə atılan bu addım RTV-nin səhər proqramı olan “Gün başladı” verilişində start götürüb. Verilişin təkcə aparıcıları deyil, müxbir və yaradıcı heyəti də uşaqlarla əvəzlənib. Azyaşlıların bayramında verilişin qonaqları olan uşaqlar elə özlərindən danışıb. 


Kəpəz TV-nin “Tac-şou” proqramı da uşaqlara həsr olunub. 1 iyunda Azərbaycanın ilk bölgələrarası xəbər telekörpüsü olan RTV-nin “Region Xəbər” informasiya proqramının aparıcı və müxbir heyəti də uşaqlardan təşkil olunacaq.

 
Bununla yanaşı, “Region İdman” verilişinin yaradıcı heyəti və aparıcısı da uşaq olacaq.

 
1 iyun sürprizləri çərçivəsində Region TV-nin bir sıra verilişlərinin - “Ziq-zaq” və digər proqramların rubrikalarını uşaqlar idarə edəcək.


Həftənin ilk iş gününə təsadüf edən 1 iyunda RTV-nin departament rəhbərləri də vəzifələrindən bir günlük “istefa” verərək idarəetməni uşaqlara həvalə edib.

Müəllif | Apa.Tv
Apa.tv