Moskvada azərbaycanlı taksi sürücüsü öldürüldü
Moskva vilayətində 48 yaşlı azərbaycanlı odlu silahdan qətlə yetirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hadisə mayın 30-da Moskva vilayətinin Krasnoqorsk rayonunda baş verib.
Gürcüstan vətəndaşı, milliyyətcə azərbaycanlı olan Qurban Mirzə oğlu Batırxanov "MsDonalds" restoranından çıxıb şəxsi avtomobilinə tərəf gedərkən ona taksi yaxınlaşıb. Taksidə olan killer "Makarov" tapançasından Qurban Batırxanova 7 dəfə atəş açıb. Sonra taksi hadisə yerindən uzaqlaşıb. Qurban Batırxanov hadisə yerindəcə ölüb.
Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində məlum olub ki, Qurban Batırxanov qətlə yetirildiyi məkanın yaxınlığında yaşayıb. Onun rəsmi olaraq heç yerdə işləmədiyi, qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğu bildirilir. Qurbanın məhz bu fəaliyyətinə görə rəqibləri tərəfindən qətlə yetirildiyi güman olunur.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin qətl və qanunsuz odlu silah gəzdirmə maddələri cinayət işi açılıb, araşdırma aparılır.