"Səyyar ASAN Xidmət" Balakən, Qəbələ və Kürdəmirdə xidmətə başlayıb
“ASAN Xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərir.
“ASAN Xidmət”dən APA TV-yə verilən məlumata görə, 1-15 iyun tarixində "Səyyar ASAN Xidmət" Balakən, Qəbələ, Kürdəmir rayonlarında əhaliyə xidmətlər göstərəcək. Belə ki, Balakən, Zaqatala, Qax rayonlarının sakinləri Balakəndə; Qəbələ, İsmayıllı rayonlarının sakinləri Qəbələdə; Kürdəmir, Hacıqabul rayonlarının sakinləri isə Kürdəmirdə "Səyyar ASAN Xidmət"dən yararlana biləcəklər.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
"Səyyar ASAN Xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Qeyd edək ki, cari ilin sonuna kimi "Səyyar ASAN Xidmət" bir neçə istiqamət üzrə regionlarda əhaliyə xidmətlər göstərməyə davam edəcək.