ATƏT sədri azərbaycanlı girovların məsələsini İrəvanda qaldıracaq

“ATӘT-in fәaliyyәtdә olan sәdrindәn xahiş etdim ki, İrәvanda olarkәn azәrbaycanlı girovların mәsәlәsinә toxunsun. Onlar tezliklә öz vәtәnlәrinә qayıtmalıdır”.

 

APA TV-nin mәlumatına görә, bu sözlәri Azərbaycanın xarici işlәr naziri Elmar Mәmmәdyarov ATӘT-in fәaliyyәtdә olan sәdri, Serbiyanın xarici işlәr naziri İvitsa Daçiçlә görüşdәn sonra keçirilәn mәtbuat konfransında deyib.

 

Onun sözlərinə görə, ATӘT-in Minsk Qrupunun hәmsәdrlәri birbaşa Dağlıq Qarabağ münaqişәsinin hәlli ilә mәşğuldurlar: "Azәrbaycan münaqişәnin hәlli ilә bağlı son sәnәdlәr üzәrindә tam şәkildә işlәmәyә hazırdır. Gözlәyirik ki, İrәvanda keçirilən görüşlәrdә bu mәsәlә yerindәn tәrpәnәcәk”.

 

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç İrəvanda Ermənistan tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması məsələsini qaldıracağını bəyan edib: “Nazir Elmar Məmmədyarovun həmin şəxslərin azad olunması barədə təklifini ermənistanlı həmkarıma çatdıracağam. Onunla danışıqların nəticəsini isə azərbaycanlı həmkarıma bildirəcəyəm”.

 

ATƏT sədri hesab edir ki, qurum Helsinki Yekun Aktının müddəalarına əməl etməli, ikili standartların aradan qaldırılmasına təkan verməlidir. O, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin mahiyyətindən xəbərdar olduğunu deyib: "Münaqişənin yeganə həlli sülhdən keçir. Bütün tərəflərin siyasi iradəsinə ehtiyac var. Bununla bağlı xoş niyyətimi bildirmişəm. Xüsusi nümayəndə və Minsk Qrupunun vasitəsilə uzunmüddətli həllə nail olacağımıza inanıram. Siyasi iradə olacağı təqdirdə, həll mümkündür. Minsk Qrupu ölkələrinin də xüsusi öhdəliyinə və buna sadiqliyinə ehtiyac var. Onlar atəşkəs haqqında sazişdən irəli gələn tələblərin tam icrasına nail olmalıdırlar".

 

İvitsa Daçiç qeyd edib ki, erməni həmkarı ilə görüşdə bir sıra təşəbbüslər irəli sürəcək.

 

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT sədrinin səfərindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansısa irəliləyiş olacağını gözlədiyini deyib. Nazir bildirib ki, artıq məsələni yerindən tərpətmək vaxtı yetişib: "Bütün tərəflər münaqişənin həllində maraqlıdır. Həmsədr ölkələr də çalışır ki, məsələ yerindən tərpənsin. Ola bilsin ki, yaxın vaxtlarda həll üçün görüş olmasa da, hansısa yol seçilməsi üçün görüş baş tutsun. Təbii ki, bu, Minsk Qrupu formatı çərçivəsində olacaq".

Müəllif | Apa.Tv
Apa.tv