İmran Cəfərzadə avqustda yenidən Almaniyaya gedəcək
"Hələ də biz böyüklər, valideynlər işlərimizi kifayət qədər o səviyyədə təşkil etmirik ki, bu problemlər dayansın".
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə keçirilən tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, hər il dünyada 8 mindən çox uşaq dünyadan köçür. Azərbaycanda uşaqların hüquqlarının qorunduğunu deyən Hicran Hüseynova bununla bağlı bir çox dövlət proqramlarının həyata keçirildiyini bildirib.
Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib ki, istənilən cəmiyyətin inkişaf səviyyəsinin göstəricisi uşaqların və qadınların hüquqlarının qorunmasının hansı səviyyədə olması ilə ölçülür: "Əgər qadının hüquqları qorunursa, o, sağlam, savadlı, vətənə layiq övladlar dünyaya gətirir. Ona görə də bu gün sizin də hüquqlarının qorunur".
UNİCEF-in Azərbaycandakı nümayəndəsi Andro Şilakadze bildirib ki, Azərbaycanda dövlətin, Heydər Əliyev Fondunun uşaqlara qayğısı təqdirəlayiq haldır.
Daha sonra müxtəlif beynəlxalq tədbirlərdə fərqlənən istedadlı uşaqlar mükafatlandırılıb. Mükafatları uşaqlara təqdim edən Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov onlara uğurlar arzulayıb, Vətənə layiqli övlad olmaq üçün dərslərində məsuliyyətli olmağa çağırıb.
Tədbirə qonaq qismində qatılan uşaqlar arasında 2013-cü ildə Nabranda istirahət mərkəzlərindən birində ağır yaralanaraq bir ayağını itirən İmran Cəfərzadə də vardı. İmran bu bayramı uşaqlarla birlikdə qarşılayıb və onları təbrik edib.
İmranın anası Nuridə Cəfərzadə oğlunun müalicəsinin davam etdirildiyini bildirib. O, avqust ayında İmranın ayağındakı protezin dəyişdirilməsi üçün yenidən Almaniyaya yola düşəcəklərini deyib. Anasının sözlərinə görə, İmran üzgüçülüklə məşğul olur, kurslara qatılır.
Tədbir bədii hissə ilə davam etdirilib.