Bakıda qeyri-adi KUKLA SƏRGİSİ
"Bakılı qız", "İspan qızı", "İdmançılar", "kraliçalar"... Bunlar "Nağıllar aləmi" adlı kukla sərgisinin eksponatlarıdır. "Port Baku Mall" Ticarət Mərkəzində açılan bu sərgidə qeyri-adi, maraqlı kuklalar var. Ancaq onları qeyri-adi edən bu kuklaları düzəldənlərin azyaşlı qızlar olmasıdır.
Mürəkkəb və heyrətamiz görünüşü ilə ilk baxışdan onları uşaqların hazırlamasına inanmaq çətin olsa da, qızlar bu işin böyük həvəs, fantaziya və zövq tələb edən proses olduğunu deyirlər. Hər bir kukla müəllifin parlaq fəaliyyətini nümayiş etdirir. Sərgidə Xədicə Quluzadə, Günel Şıxəliyeva, Fidan Əliyeva, Xavər Əliyeva, Nərmin Vəliyeva və başqalarının 70-dən çox əl işinin yer alıb.
Xədicə Quluzadə bu məşğuliyyətlə 3 ildir məşğul olur. 12 yaşlı Xədicənin hazırladığı kuklalar sərgi iştirakçılarının marağına səbəb olub. Bir kuklanın hazırlanmasına günlərlə vaxt sərf edən Xədicə deyir ki, bu işi sevərək edir. Dərslərini də yaxşı oxuyan Xədicə həmyaşıdlarını yaradıcılığa, incəsənətə cəlb etmək istəyir.
Sərgidə rəssam Fərəh Əliyevanın “Müəllif kuklalar” art-studiyasının 15 tələbəsinin əl işləri olan gəlinciklər nümayiş etdirilir. Sərginin açılışında çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov Fərəh Əliyevanın yerli və xarici sərgilərdə uğurla iştirak etdiyini söyləyib. O, kukla yaratmağın çox maraqlı, zəhmət və həvəs, fantaziya və zövq tələb edən proses olduğunu bildirib.
Rəssam Fərəh Əliyeva qeyd edib ki, “Nağıllar aləmi” yaradıcılıq studiyası tələbələrinin ilk sərgisidir. Burada təqdim edilən işlər iki il ərzində hazırlanıb. Sərgi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunub.
Qeyd edək ki, Fərəh Əliyeva bu fəaliyyətlə altı ildir məşğuldur. O, Müəllif Kuklalar Beynəlxalq Təşkilatının və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Fərəh Əliyevanın rəhbərlik etdiyi “Müəllif kuklalar” art-studiyası iki ildən çoxdur ki, fəaliyyət göstərir. Bu studiyada müxtəlif yaşlı qızlar məşğul olur.