Əczaçını baltalayan şəxs "Maşın şou"nun həkimi olub - YENİLƏNİB

 

Abşeron rayonunda əczaçıya iş yerində balta ilə xəsarət yetirilib. APA TV-nin məlumatına görə, hadisə gecə saatlarında Məhəmmədi qəsəbəsində baş verib.

 

Əczaçı Davud Vəliyev iyunun 2-ə keçən gecə saatlarında növbədə olan zaman aptekə əvvəllər də oradan bir neçə dəfə dərman almış bir nəfər girib. O, Davuda dərmanların siyahısını verib. Əczaçının başı siyahıdakı dərmanları axtarmağa qarışanda "müştəri" sellofan torbada özü ilə gətirdiyi baltanı çıxarıb və Davudun başına zərbə endirib. Yerə yıxılan Davud özünü itirməyib və müqavimət göstərməyə başlayıb. Hücum edən şəxs sonra əczaçıya bir neçə dəfə balta ilə zərbə endirsə də, əczaçı özünü müdafiə etməsi sayəsində sağ qalıb.

 

Hücum edən şəxs isə kassadan 300 manata yaxın pulu götürərək hadisə yerindən uzaqlaşıb. Qonşuluqdan yaşayanlar səsə gəliblər və yerdə qan içərisində uzanmış Davud Vəliyevi xəstəxanaya çatdırıblar. Xeyli qan itirən zərərçəkən həkimlərin səyi nəticəsində xilas edilib.


Hadisəni törədən şəxsin həkim olduğu məlum olub. O, əvvəllər Məhəmmədi qəsəbəsində yaşayıb, sonra başqa yerə köçüb. Rüfət Məmmədov adlı bu şəxs Bakının məşhur klinikalarında çalışıb. Həkimdə bir müddət əvvəl narkotik aludəçiliyi yaranıb və quldurluğu da məhz bu səbəbdən törətdiyi ehtimal olunur. Rüfət Məmmədovun məşhur "Maşın şou"nun da həkimi olub. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. Əməliyyatçılar hadisəni törətməkdə şübhəli bilinən həkimin axtarışlarına başlayıblar.


Qeyd edək ki, Rüfət Məmmədovun "Maşın şou"nun həkimi olması barədə xəbəri ilk dəfə www.qafqazinfo.az saytı yayıb.
 

Müəllif | Apa.Tv
Apa.tv