Avropa Oyunlarının məşəli Qubaya gətirildi

İyunun 1-də I Avropa Oyunlarının məşəli Qusar rayonundan sonra Qubaya gətirilib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, məşəl Quba sakinləri tərəfindən coşqu ilə qarşılanıb.

 

Quba şəhərində məşəli Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının qarşısında qurulan Avropa Oyunlarının rəmzi qapısında rayon ictimaiyyət nümayəndələri qarşılayıb. Məşəl güləş üzrə veteranlar arasında dünya çempionu Musa Mirzəyev tərəfindən qəbul olunub. Bundan sonra 14 məşəlçinin yürüşünə start verilib. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev prospekti boyunca dörd kilometr məsafəni qət edərək Quba Meydanına gəliblər. Burada quraşdırılan səhnəyə qalxan əməkdar məşqçi Telman Məhərrəmov məşəli alovlandırıb.

 

Sonra isə Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.

 

Mərasimdə birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarx nümayiş olunub.  

 

Bununla da Quba  Birinci Avropa Oyunlarının məşəlinin alovlandırıldığı 55-ci yaşayış məntəqəsi olub.            

 

Günün sonunda Qubada möhtəşəm Alov Festivalı keçirilib.  Respublikanın və rayonun tanınmış incəsənət ustalarının konsert proqramı təşkil olunub. Festivalın sonunda atəşfəşanlıq olub.

 

Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəlinin növbəti qarşılanma mərasimi iyunun 3-də Xaçmaz rayonunda olacaq. 

Müəllif | Apa.Tv
Apa.tv