İlqarlı Məmməd
"Peyğəmbərlərdən sonra şairlər gəlir" - deyimi çoxdan, lap çoxdan dartışılan bir məsələdir. Amma axı, doğrudan-doğruya əsl şairlər seçilmiş insanlar olub həmişə. Şairliyi tale qisməti və həyat tərzi kimi yaşamaq da hər qələm əhlinə nəsib olmayıb. Şair öz ilhamının qüdrətiylə dünyaya məhəbbət və sevgi toxumları səpir, gözəllik və səadət hissləri aşılayır, bir də hamıya halal, dürüst, sədaqətli və düz ilqarlı olmağın yolunu-izini göstərirlər. Zatən, şairliyin missiyası elə bundan ibarət deyilmi?
… Qazağın İncə dərəsi - qədim-qayım türk yurdu... Urfan düşüncənin, sufi dünyagörüşünün çulğaşaraq qovuşduğu saz-söz beşiyi. Katta kişilərin, sevdalı könüllərdən pərvəriş tapan ruh yiyələrinin məkanı, özündə nəqşibəndilik təriqətinin havasını və əxlaqını yaşadan müqəddəs məkan...Bir də dərviş misallı şairlər yurdu..
Məmməd İlqar kimi...
Məmməd İlqar öz doğma torpağından - İncə dərəsindən çox şeirlər yazıb. Və bu şerlər dillərdə dolaşıb, saza qalxıb... Az qala yarım əsrdir ki, ondan uzaqda yaşasa da, bir gün də onu tərk etməyib, bir gün də ondan ayrı olmayıb... Bu, nə yaxşı ki, belədir - onun ruhu və eşqi İncə dərəsinin torpağına və havasına qovuşub artıq.
Məmməd İlqar öz ilhamını bu yerlərdən alıb. Canında yaşatdığı bu hiss və duygular onun yaradıcılıq yolunu müəyyən edib. Xalq ruhuna bürünmüş laylalar, bayatılar, qımqımalarla nəfəs-nəfəsə yaşayan şairin bütün yazdıqlarının mayasını təşkil edib. Məmməd İlqarı böyük poeziyanın ənginlliklərinə çıxaran, ona el sevgisi qazandıran da elə bunlar deyilmi?
Siz indi müsahiblərimizin dilindən Məmməd İlqar yaradıcılığı barədə dəyərli fikirlər eşitdiniz. Ondan yazılan bu cür maraqlı yazıların sayı elə də az deyil. Bəs özü necə baxır yaradıcılığına?
Dedik axı, Vətən, yurd sevgisi lap əvvəldən onun yaradıcılığında ən vacib mövzular olmuşdu. Son illərdə isə Qarabağ dərdi də bu sıraya qoşulub. Və bu böyük vətən anlayışı onu öz ağuşuna alıb aparmaqdadı. İncə dərəsindən böyük Turan dünyasına, oradan da yenə İncə dərəsinə...
Qarabağ.... Adını çəkəndə adamın dilini, dodağını köz-köz edən, bağrımızda sağalmaz yaraya çevrilən bu dərdi o da yaşayır. Ötən əsrin 80-ci illərindən başlayan bu ağrını o, öz ustadı və silahdaşı, unudulmaz Ağamalı Sadiq Əfəndi ilə birgə daşıyırdı. Bu dərd həm də onları birləşdirirdi...
Çox sevilən, ustad bir şair olan Məmməd İlqarın öz sevimli ustadı Ağamalı Sadiq Əfəndi ilə dostluğu ayrı bir aləm olub. Elə Məmməd İlqarın Ağamalı bəy haqda dediklərində də əsl görk olası məqamlar çoxdur.
Şair ömrü öz yaşantıları ilə dolğun və bitkin olur. Şair həm də yaşantılarının əsirinə çevrilir axırda... Məmməd İlqar da tale qisməti kimi öz insan ömrünü şair ömrüylə qatıb - qarışdırdı...
Elinə- obasına, tutduğu yola, dostlarına, ən əsası isə sözə, şeirə son dərəcə həssas olan, can verən Məmməd İlqar, ölümə can verməkdən çəkinmədi heç vaxt.
Ömrünün bu çağına kimi dünyanı görə-görə gələn Məmməd İlqar çox dostlarını itirib, Ağamalı Sadiq Əfəndi kimi ən yaxın sirdaşını ilə vidalaşıb..Amma bir dostu var ki, onu itirməyini heç cür qəbul edə bilmir... Bu adam Akif Səməddir...