Azad Rəhimov: "Bakıda məşəli daşıyanlardan biri İlhamə Quliyeva olacaq"
"Biz çox istərdik ki, gələcəkdə Avropa Oyunlarının məşəli Avropanın ən tanınmış alov mənbəyindən, Bakıdan alovlandırılsın".
APA TV-nin xəbərinə görə, bunu Azərbaycanın gənclər və idman naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov bu gün Bakı 2015 Birinci Avropa Oyunlarının məşəlinin Bakı səfərinin marşrutunun açıqlanması mərasimində deyib.
Nazir qeyd edib ki, Azərbaycan Avropa Oyunlarının məşəlinin Bakıda alovlandırılması marağındadır: "Biz çox istərdik ki, gələcək oyunlarda məşəl Avropanın ən tanınmış alov mənbəyindən, Bakıdan alovlandırılsın. Azərbaycan bir dövlət kimi bundan sonra Avropa Oyunlarını təşkil edəcək ölkə kimi məşəlin burada alovlandırılması mərasimini təşkil etməyi öz öhdəsinə götürməyə hazırdır".
Azad Rəhimov xalq artisti İlhamə Quliyevanın məşəli daşıyacağı ilə bağlı xəbərlərə də aydınlıq gətirib. O vurğulayıb ki, Bakı 2015 Birinci Avropa Oyunlarının məşəlinin Bakı səfəri zamanı məşəli daşıyanlardan biri də xalq artisti İlhamə Quliyeva olacaq: "Təəccüblənirəm ki, İlhamə xanımın məşəli daşıyacağı ilə bağlı xəbər niyə bu qədər təəccüblə qəbul edilir. Xalq bu xanımı çox istəyir. O da 150-dən artıq məşəl daşıyanların sırasındadır. Bakıda İlhamə xanım ola bilsin ki, qaça bilməsə də, məşəli 10-20-30 m daşıya bilər. Mən şəxsən buna çox şadam".
Nazir tanınmış futbolçu Zlatan İbrahimoviçin Bakı 2015 Birinci Avropa Oyunlarının açılış mərasimində iştirakı və məşəl daşıyacağı barədə məlumatların doğru olmadığını deyib. O, məşhur futbolçunun Bakıya şəxsi dəvət əsasında tanışlıq məqsədilə gəldiyini bildirib.
Avropa Oyunlarının Ermənistanda yayımlanması məsələsinə gəlincə, Azad Rəhimov bildirib ki, hələlik bununla bağlı hər hansı müqaviləyə imza atılmayıb: "Ola bilsin ki, istək var. Bununla bağlı danışıqlar gedir. Hələlik yayılacağı ilə bağlı məlumat yoxdur".
Qeyd edək ki, ilkin məlumata görə, İlk Avropa Oyunlarının açılış mərasimində 30-a yaxın dövlət başçısının iştirakı gözlənilir.