Avropa Oyunları məşəlinin Bakı marşrutu AÇIQLANDI

I Avropa Oyunlarının Məşəlinin Bakıdakı marşrutu açıqlanıb.

 

APA TV-nin xəbərinə görə, məşəl 12 iyun tarixində keçiriləcək açılış mərasimində Olimpiya Stadionuna gətirilməzdən əvvəl 7-10 iyun tarixlərində paytaxtımızın bir çox ərazilərində gəzdiriləcək.

 

Məşəl bazar günü - iyunun 7-də yenidən qurulmuş Ağ Şəhər Bulvarına, Neftçilər prospektinə və Bayraq Meydanına aparılmazdan əvvəl qayıqla Bakıya daxil olacaq və nəhayət, Bakıda qalacağı bir gecəlik müddətdə Qız Qalasına gətiriləcək.

 

İyunun 8-də məşəl Oyunların keçiriləcəyi doqquz məkandan - Heydər Əliyev adına İdman Arenası, Milli Gimnastika Arenası, Kristal Zal, Bakı Su İdmanı Mərkəzi, Bilgəh çimərliyi, Tofiq Bəhramov adına stadion, Basketbol Arenası, BMX Veloparkı və Dağ Velosipedi Veloparkından keçəcək. Çərşənbə axşamı məşəl bir çox tarixi binalara aparılaraq, UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilən İçərişəhərə səyahət edəcək. Bu marşruta UNESCO-nun Azərbaycanın memarlığının incilərindən biri adlandırdığı məşhur Şirvanşahlar Sarayı da daxildir.

 

Növbəti səfər günü - 10 iyun tarixində məşəl Bakının mədəniyyət və memarlıq obyektlərinə - Nizami küçəsinə, Fəvvarələr Meydanına, Qış Parkına, Filarmoniya Parkına və nəhayət, Funikulyorun yuxarı hissəsində yerləşən Dağüstü Parka qaldırılacaq.

 

İyunun 11-də məşəl final vaxt üçün Qız Qalasından götürüləcək və 12 iyun tarixində açılış mərasiminin keçiriləcəyi Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən Sadko limanına gətiriləcək.

 

Qeyd edək ki, "Bakı-2015"in məşəli aprelin 26-da Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Atəşgah məbədində alovlandırılıb. Məşəl həmin vaxtdan etibarən Avropa Oyunları ismarıcını yaymaq üçün Azərbaycanın bütün bölgələrinə səfərə çıxıb.

 

 

Müəllif | Apa.Tv