Avropa Oyunlarını izləməyə gələn turistlərə bu suvenirlər təklif olunacaq - REPORTAJ

Bir neçə həftədən sonra ölkəmiz I Avropa Oyunlarını qarşılayacaq. Oyunlar zamanı ölkəmizə 20 mindən artıq xarici turistin gələcəyi gözlənilir. Bunları nəzərə alaraq deyə bilərik ki, möhtəşəm beynəlxalq tədbir Azərbaycanın mədəniyyət və turizminin daha geniş təbliğinə imkan yaradacaq.

 

Ölkənin təbliğində tarixi-mədəni irsi özündə əks etdirən suvenirlərin də əhəmiyyəti böyükdür. Avropa Oyunlarını izləməyə gələnlər imkan tapıb qədimliklə müasirliyin qovuşduğu şəhərimiz haqqında məlumat almağa çalışacaq, özləri ilə xatirə əşyaları alıb aparacaqlar.

 

Biz də bu günlərdə paytaxtımızda fəaliyyət göstərən suvenir dükanlarına baş çəkdik. Turistlərə təklif olunan xatirə əşyaları ilə maraqlandıq, Avropa Oyunlarına aid suvenirlərin olub-olmadığını öyrənməyə çalışdıq.


Suvenir dükanlarında Qız qalasının kiçik maketləri, muğam üçlüyünün kuklaları və müxtəlif personajlar, milli ornamentli çarıqlar, baş örtükləri, şərflər, üzərində Bakının və İçərişəhərdəki tarixi binaların təsviri olan boşqablar, breloklar, fincanlar, rəsm əsərləri, təsbehlər, cürbəcür əl işləri, milli geyimlər üstünlük təşkil edir.

 

"Təklif olunan suvenirlər arasında Qədim Bakının - İçərişəhərin, Qız Qalasının, Şirvanşahlar Sarayının boşqablar üzərində rəsmləri və müasir Bakının Muzey Mərkəzinin, "Şeytan çarxı"nın, "Alov Qüllələri"nin incə naxışlarla işlənmiş rəsmləri xüsusi yer tutur".      

 

Satıcı deyir ki, 15 ildən artıqdır suvenir satışı ilə məşğuldur. Artıq müştərilərinin zövqünü və tələbatını da yaxşı bilir.  

 

"Suvenirlərə həm yerli vətəndaşlar, həm də xarici turistlər maraq göstərir. I Avropa Oyunları ilə bağlı suvenirlərimiz artıq satışdadır. Üzərində Oyunları əks etdirən əşyalar da satışda olacaq".

 

Bakının qədim tarixini yaşadan İçərişəhər həm də xatirə əşyaları satılan mağazaların çoxluğu ilə seçilir. Bu məkanda istənilən suveniri və antik əşyaları tapmaq mümkündür. 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsinin ölkəmizdə keçirildiyi zaman zəngin təcrübə qazandıqlarını deyən Ruslan Məmmədov hesab edir ki, əldə etdikləri bu təcrübə Oyunlar zamanı onlara yardımçı olacaq.

 

"Hələ ki turistlər bir-bir gəlir. Ona görə satış azdır. Amma Oyunlar zamanı daha çox satış olacağına ümid edirik. Biz turistlərin artıq nəyi ala biləcəyini hesablamışıq. Onlar daha ucuz və ölkədən aparılması daha asan başa gələn suvenirlərə üstünlük verirlər. Bunun üçün biz də Oyunlar zamanı elə suvenirləri satışa çıxaracağıq".

 

Avropa Oyunlarının simvolları olan Ceyran və Nar simvolu da satışa çıxarılan suvenirlər içərisindədir. Ceyran və Nar Azərbaycanın saf təbiətini və ümidverici gələcəyini özündə təcəssüm etdirir. Qonaqlara Azərbaycanın zəngin irsinə nəzər salmağı təklif edəcək Ceyran Oyunların mədəniyyət elçisi olacaq. Ceyran həm də təbii gözəlliyin, zərifliyin və saflığın rəmzidir. Nar isə birliyin və bolluğun simvolu kimi tanınır.

 

Onu da qeyd edək ki, üzərində I Avropa Oyunlarının loqo və emblemlərinin olduğu suvenirlərin satıldığı yeni mərkəzlər də yaradılıb. Bu mərkəzlər əsasən paytaxtın mərkəzi küçələrində və Bulvar ərazisində yerləşir.

 

"Üzərində I Avropa Oyunlarının loqo və emblemlərinin olduğu geyimlər də artıq satışdadır. Hər bir vətəndaş və turist istədiyi zaman bu mərkəzlərə gəlib burdan müxtəlif geyimlər və bəzək əşyalarını əldə edə bilərlər. Hazırda burada I Avropa Oyunları yazılan köynəklər, papaqlar, şərflər var".

 

"Brelokların qiyməti 5 manat, böyüklər üçün köynəklər 15 manat, uşaqlar üçün isə 10 manatdır. Bakının təsvirləri olan maqnit suvenirlər isə 2-3 manatadır".

 

"İnanırıq ki, ölkəmizin tarixinin və mədəniyyətinin, həmçinin Oyunların rəsmi rəmzlərinin də əks olunduğu suvenirlər vasitəsilə hər bir ölkədə kiçik də olsa, bir Azərbaycan əbədi yaşayacaq".

 

Müəllif | Apa.Tv