Bakı məktəbliləri üçün buraxılış imtahanları keçirildi

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.

 

Bu gün eyni zamanda Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan veriblər. IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanıb. Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 76 imtahan mərkəzi yaradılıb.

 

TQDK-nın əməkdaşı Vəli Hüseynov bildirib ki, bu gün həyata keçirilən imtahanın səhər növbəsində 9-cu sinif üzrə buraxılış imtahanı həyata keçirilib: "Bina üzrə Bakı şəhəri Xətai rayonundakı 249 saylı orta məktəbində iştirak edən şagirdlərin sayı 484 nəfər olub. Gözlənilən şagirdlərin sayı bu imtahan üzrə 488 nəfər olmalı idi. Beləliklə, 4 nəfərin imtahanda iştirak etməməsi faktı qeydə alınıb. Birinci növbə üzrə heç bir qayda pozuntusu nəzərə alınmayıb".


Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 71 imtahan mərkəzi yaradılıb. Bu gün Bakı şəhərində 24 408 şagirdin imtahanda iştirakı nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 211 imtahan rəhbəri, 2786 nəzarətçi-müəllim ayrılıb.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova